İşğaldan azad olunan ərazilərdə işləyən, müəyyən səbəblərdən ora gedən hər bir vətəndaş özü də minanın real təhlükə olduğunu nəzərə almalı və bu ərazilərdə son dərəcə ehtiyatlı olmalıdır
İstənilən lokal və genişmiqyaslı müharibələrin başa çatmasından sonra həmin ərazinin ən böyük problemlərindən biri məhz ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsindən ibarət olur. Müharibəyə və işğala məruz qalmış bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu prosesdən hələ də əziyyət çəkir. Ermənistanın təcavüzkar siyasəti təkcə işğaldan azad olunmuş əraziləri viran qoymaqla nəticələnməyib. Eyni zamanda bu ərazilərə dinc həyatın qayıtmasını gecikdirmək, quruculuq-bərpa işlərinə mane olmaq üçün ermənilər məqsədyönlü şəkildə həmin ərazilərə on minlərlə mina basdırıblar.
Bu səbəbdən müharibədən iki ilə yaxın vaxt keçsə də, işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları davam edir. Amma həmin ərazilərdə hələ də çoxlu sayda mina və partlamamış hərbi sursat qalmaqdadır. Ərazilərin minatəmizləmə işi kifayət qədər çətin, uzunmüddətli və təhlükəli prosesdir. Ani ehtiyatsız davranış bədbəxt hadisə ilə nəticələnir. Müharibədən sonra xeyli sayda mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Bir sıra texnika yararsız hala düşüb. Elə bu yaxınlarda da işğaldan azad olunan rayonlarımız minaya düşmə ilə bağlı iki bədbəxt hadisə qeydə alınıb. Cəbrayılda “Azərsun"un maşını minaya düşüb, sürücü xəsarət alıb. Aparılmış ilkin araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan "Azərsun Holdinq"in sürücüsü Şamil Məmmədovun rayonun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hazırda faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
Xocavənddə isə Türkiyə vətəndaşının idarə etdiyi ekskavator minaya düşüb. Xocavənd Rayon Prokurorluğundan verilən məlumata görə, Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hərbi ekspert Arparslan İmamqulu “Şərq”ə açıqlamasında deyib ki, postmüharibə dövründə bu cür hadisələrin baş verməsi gözlənilən idi:
“Bunun qarşısını almaq üçün də ciddi işlər görülür. Hər saat, hər dəqiqə ərazilərin minalardan təmizlənməsi prosesi gedir və xəbərdarlıq işarələri qoyulur. Bir sözlə, Azərbaycan dövlətinin hazırda prioritet vəzifələrindən biri məhz azad olunan ərazilərin tamamilə təhlükəsiz vəziyyətə gətirilməsidir. Amma bu ərazilərdə işləyən, müəyyən səbəblərdən ora gedən hər bir vətəndaş özü də minanın real təhlükə olduğunu nəzərə almalı və bu ərazilərdə son dərəcə ehtiyatlı olmalıdır. 30 ilə yaxın torpaqlarımız erməni işğalı altında qalıb.
Bu müddət ərzində də düşmənlərimiz minaların növlərini, relyefin müxtəlifliyini və basdırılma üsullarını məhz çoxlu sayda insan tələfatının olması üçün məqsədli şəkildə seçiblər. Nə zaman basdırılmasından asılı olmayaraq, hər bir mina, partlamamış hərbi sursat, əldədüzəlmə partlayıcı qurğular ölümcül fəsadlar törətməyə qadirdir. Və işğaldan azad olunan ərazilərin minalardan tamamilə təmizlənməsi də ən azı işğal müddəti qədər uzun çəkə bilər. Əlimizdə minalanmış ərazilərin xəritəsi olmadığı üçün proses xeyli zaman alacaq.
Bu işdə vətəndaşların öhdəliyi rəsmi qurumların tövsiyə və göstərişlərinə əməl etmək və həyatlarını erməni təxribatına qurban verməmək üçün qaydalara riayət etməlidir”.