"Laçında genişmiqyaslı antiterror əməliyyatı..."  - Ekspert AÇIQLADI

Şair Ramaldanov: "Bu münasibətlə hər kəsi təbrik edir və gözün aydın Azərbaycan deyirəm"

  Ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk edir və 30 il öncə qəsb etdikləri evləri boşaldırlar. Amma bununla belə, Laçında qalıb Azərbaycan Ordusuna qarşı "müqavimət" göstərmək istəyənlər də var. Bəzi erməni təxribatçıları silahlanaraq "öz evlərini" müdafiə edəcəyini bildiriblər. Rusiya sülhməramlılarının həmin əraziləri tərk etdiyi bir zamanda bu dırnaqarası qəhrəmanlara ancaq Azərbaycan Ordusu, əsgəri cavab verə bilər. 
  Ehtiyatda olan polkovnik Şair Ramaldanov "Sherg.az"a bildirib ki, Laçın ərazilərində gizlənmək istəyən ermənilərə adekvat cavab veriləcək:  "Vəziyyəti gərginləşdirmək və qan tökmək istəyən  müəyyən qüvvələr var.  Bu, bizim üçün gözlənilməz hal deyil. Rusiya sülhməramlıları ərazini bizə tam təhvil verdikdən sonra orada Azərbaycan qanunları işləyəcək. Əgər bu qanunları pozan olarsa, milliyyətindən asılı olmayaraq cavab verməli olacaq. Kimsə əlində silah təxribat törədəcəksə onların qarşısı amansız şəkildə alınacaq. Bunun üçün terrorçularla mübarizə aparacaq qüvvə və imkanlar yetərincədir. Bütün güc strukturları ölkənin maraqlarını qorumağa hazırdır.






 Yox, əgər başlarını aşağı salaraq bizim ərazimizdə vətəndaşımız kimi yaşamaq istəyirlərsə, onları heç kəs təzyiq edib qovmur. Amma başqa mövqedə olsalar onlara qarşı adekvat tədbirlər həyata keçiriləcək. Laçında  hansısa genişmiqyaslı antiterror əməliyyatı keçiriləcəyini isə düşünmürəm. Çünki biz 30 il ərzində ermənilərin çox təhdidlərinə şahid olmuşuq. Amma əsas odur ki, Laçın azaddır və tam şəkildə Azərbaycanın tərkibinə qayıdır".