Bu gün Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərinin azad edilməsindən 2 il ötür. Müzəffər ordumuzun 27 sentyabr 2020-ci ildə başlatdığı 44 günlük vətən savaşı zamanı işğaldakı torpaqlarımız geri qaytarıldı. Yuxarıda adları çəkilən torpaqlar strateji cəhətdən önəmli ərazilər sayılırdı. 5 oktyabr tarixində silahlı qüvvələrimizin bu kəndləri geri qaytarması ona strateji üstünlük qazandırdı.
Bu günün əlamətdarlığı barədə “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov bildirib ki, həmin kəndlərin alınması ordumuzun gücünün ən bariz nümünələrindən biridir:
“2020-ci ilin 27 sentyabrında başlayan zəfər yürüşü 10 noyabrda yekunlaşdı. Bu 44 günün hər biri ayrı-ayrılıqda Azərbaycan xalqının və əsgərinin qəhrəmanlıq salnaməsidir. Adıçəkilən kəndlərin azad edilməsi millətimiz və həmin kəndin sakinləri üçün fəxrli məqamdır.
Həmin günlər hər kəs televiziya qarşısında oturub gözləyirdi ki, cənab prezident bu saat hansısa ərazimizin azad olması müjdəsini verəcək.
30 ildən sonra isə artıq bu kəndin sakinləri öz yurdlarını ziyarət edə bilərlər. Yaxın zamanlarda bu ərazilərə də qayıdış olacaq.
Biz bugünkü sevinci şəhidlərimizin qanı bahasına yaşaya bilirik. Allahdan onlara rəhmət diləyir və qazilərimizə minnətdarlığımı çatdırıram. Eşq olsun Azərbaycan ordusuna”.