Amma Ankaranın maraqlarına risk təşkil edən olaylar da cərəyan edir
"Türkiyə xarici siyasətdə atdığı strateji addımlarla əsas açar rolunu oynamağa başlayıb". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri əlavə edib ki, Suriya lideri Əhməd əş-Şara və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bir çox məsələləri müzakirə ediblər. Ərdoğan iki ölkənin gələcəyini formalaşdıracaq mühüm qərarların qəbul edildiyini söyləyib. Türkiyə xarici işlər naziri Hakan Fidan da deyib ki, Suriya dövləti öz bütövlüyünü təmin etmək üçün PKK üzvlərini məhv edəcək: “PKK-ya xidmət edən şəxslər barəsində tədbirlər görüləcək. Öncə danışıqlar yoluna üstünlük veriləcək”.
“Türkiyə” qəzeti məlumat yayıb ki, Ərdoğanla Əhməd əş-Şara arasında Ankarada baş tutan görüşdə region üçün həyati əhəmiyyətli məsələlər müzakirə edilib. Bildirilib ki, müdafiədən infrastruktura, nəqliyyatdan enerjiyə qədər bir çox sahələrdə strateji tərəfdaşlıq haqqında qərar qəbul edilib. Nəşrə görə, Suriyanın hər bir vilayətinin yenidən qurulması ilə bağlı geniş hesabat hazırlanacaq. Dəniz nəqliyyatı, limanların yenidən qurulması və istismarı üzrə də razılaşmalar əldə olunub. O cümlədən, hərbi və mülki şəxsi heyətin hazırlığı PKK-nın işğal zonası, Xüms və Aralıq dənizi istiqamətində, Latakiya-Tartusda Türkiyə bazalarının yaradılması ilə paralel olaraq həyata keçiriləcək. Hatay-Mersin-Latakiya-Tartus dəniz limanı dəhlizi xüsusi statusla işə salınacaq. İŞİD-ə qarşı əməliyyat çox yaxında başlaya bilər. Bu çərçivədə Suriya hava məkanı rəsmi olaraq Türkiyə hərbi təyyarələri və PUA-larına açılacaq.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Suriya Prezidenti Əhməd əş-Şaranın ilk rəsmi səfərini gözlənildiyi kimi Türkiyəyə yox, Səudiyyə Ərəbistanına etməsi məqsədi və niyyəti haqda informasiya verir. Ekspertin sözlərinə görə, Şaranın əvvəlcə Səudiyyəyə getməsi Ankaranı narahat etmədi:
"Türkiyə başa düşür ki, Suriya həm vətəndaş müharibəsi, həm də kənar təsirlər nəticəsində dağılıb. İqtisadiyyat bərbad vəziyyətdədir, infrastruktura ciddi ziyan dəyib, ölkədə işsizlik problemləri var. Əhməd əş-Şara hakimiyyətini gücləndirmək istəyirsə, ilk növbədə Suriyanı yenidən qurmalı, iqtisadiyyatı nizama salmalıdır. Bunun üçün isə xarici investisiyaya ehtiyac var. Onun ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına etməsi məhz bununla bağlıdır. Suriya Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt kimi zəngin ərəb ölkələrinin xarici sərmayəsinə ehtiyac duyur. Həm ölkənin bərpası, həm də iqtisadiyyatın normallaşması üçün bu, həyati əhəmiyyət kəsb edir. Ankara da Suriyaya yardım edəcək, amma məsələnin investisiya tərəfini ərəb ölkələri həll edə bilər".
Analitikə görə, Suriyanın xarici investisiyaya ehtiyacı olduğu kimi, Türkiyəyə də ehtiyacı var:
"Aydın məsələdir ki, Əhməd əş-Şara hakimiyyətini Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana borcludur. Əsəd devrilsə də, Suriya xarici təhdidlərə açıqdır. Bundan başqa, ölkə daxilində hələ də sabitlik tam təmin edilməyib. Türkiyə dəstəyi olmasa, Şaraya qarşı mübarizə başlaya bilər. Təsadüfi deyil ki, o, Ankarada Prezident Ərdoğanla keçirdiyi mətbuat konfransı zamanı deyib ki, Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir. Əsəddən sonra Suriyanın xarici siyasətini böyük ölçüdə Türkiyə formalaşdırır. Məsələn, Suriya Rusiya ilə müəyyən məsələlərdə razılığa gəlsə də, İranla bağlı bunu demək çətindir. Əhməd əş-Şaranın “İran silahlı qüvvələrinin Suriyadakı varlığı bütün regionu təhdid edən strateji təhlükə idi” sözləri də bunu təsdiq edir".
Siyasi şərhçi vurğulayıb ki, Türkiyə Əsəd dövründə olduğu kimi, Suriya ilə yenidən qarşı-qarşıya gəlmək və bu ölkəni xarici təsirlərdən qorumaq üçün dəstəyini artırmaq niyyətindədir:
"Bunu Ərdoğanla Şara arasında Ankarada baş tutan görüşdə müzakirə edilən məsələlər də təsdiq edir. Hazırkı mərhələyə qədər Suriyada işlər Türkiyə üçün yaxşı gedir, amma Ankaranın maraqlarına risk təşkil edən olaylar da cərəyan edir. Söhbət İsrailin hərbi mövqelərini yaxşılaşdırması və Suriyada YPG, PKK, PYD-nin dövlətləşməsinin önünün açılmasından gedir. Ankaranın bu istiqamətdə atacağı addımlar maraqla gözlənilir".