İran küncə sıxışdırılır: Hadisələrin inkişafı Zəngəzur dəhlizinin açılmasına müsbət təsir göstərəcək

"Ermənistanın cənubunda, Zəngəzurda baş verən proseslər birbaşa İranın maraqları ilə bağlıdır və Tehranın beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini özünün qırmızı xətti hesab etməsinin səbəbi də məhz bununla bağlıdır". Bu sözləri İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib. O, bu gün Ermənistan, Cənubi Qafqaz və İranda hadisələrin inkişafının bir-birindən asılı olduğunu iddia edib: “İran və Ermənistanın taleyi, maraqları və təhlükəsizliyi coğrafi yaxınlığına və vahid geosiyasi məkanda yerləşməsinə görə həmişə bir-birinə bağlı olub”. Sübhani qeyd edib ki, Ermənistanla sərhəd İranda ən təhlükəsiz sərhədlərdən biri hesab olunur: “Biz heç vaxt Ermənistan tərəfindən təhlükə hiss etməmişik və Ermənistan da heç vaxt İran tərəfindən təhlükə hiss etməmişdir”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp nüvə sazişinə razı olmayacağı halda İranı darmadağın edəcəyini açıqlayıb. Bu kontekstdə İran səfirinin cəmi 40 km sərhəd xətti olan Ermənistanla (Azərbaycanla sərhədi 689 km-dir – red.) bağlı bu açıqlaması və İranın taleyini Ermənistana bağlaması təəccüblüdür. Qeyd edək ki, ötən gün rusiyalı siyasi şərhçi, televiziya aparıcısı Abbas Cuma İranın Ermənistan üçün önəmindən danışarkən bildirib ki, İranın mövqeyi olmasaydı, Zəngəzur dəhlizi çoxdan açılmışdı. Ekspert iddia edib ki, ABŞ-nin İrana hücum edəcəyi təqdirdə qeyri-sabit, dağılmış İran Bakı və Ankaraya müəyyən imkanlar pəncərəsi açacaq və onlar bu imkandan istifadə edəcəklər. 

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ və İran arasında hər ötən gün daha da gərginləşən situasiya istər-istəməz İranın ətrafındakı regionlara, geopolitik proseslərə də təsir göstərir. Ekspert vurğulayıb ki, ABŞ-nin İranı təhdid etməsinin Cənubi Qafqaza müəyyən təsirləri qaçılmazdır: 
"Əgər ABŞ həqiqətən İrana hərbi zərbələr endirərsə, Cənubi Qafqazdakı geopolitik proseslərin inkişaf istiqamətləri fərqli məzmun və keyfiyyət daşıya bilər. O cümlədən, ABŞ ilə müharibə vəziyyəti İranı Cənubi Qafqazdakı proseslərə müdaxilə imkanlarından kənarda qoyar. Bunları nəzərə alsaq, hesab etmək olar ki, hadisələrin inkişafı Zəngəzur dəhlizinin açılması prosesinə müsbət yöndə təsir göstərə biləcək bir faktordur. Ancaq bunun baş verib verməyəcəyi hələlik qeyri-müəyyən və müəmmalı olaraq qalır. Ümumi götürsək, Zəngəzur dəhlizinin açılmasının qarşısındakı əsas əngəllərin sırasında yalnız İranın etirazlarını və yaxud da müqavimətini göstərmək də doğru olmazdı. Çünki Zəngəzur dəhlizində bir çox nəhəng dövlətlərin beynəlxalq siyasi iradə mərkəzlərinin maraqları var. Xüsusilə də Rusiya bütün mümkün vasitələrdən istifadə edir ki, Zəngəzur dəhlizinə nəzarət yalnız Rusiyanın ixtiyarında olsun". 

Analitik diqqətə çatdırıb ki, Azərbaycan Zəngəzur dəhlizinə hər hansı kənar dövlətin, yaxud gücün nəzarət etməsində maraqlı deyil: 
"Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycandan Azərbaycana yük və sərnişindaşımalara kənar qüvvələr nəzarət edə bilməz. Bakı Ermənistanın, yaxud hər hansı başqa dövlətin dəhlizdən istifadə edən Azərbaycan vətəndaşlarına nəzarət tətbiq etməsini qətiyyən istəmir. Eyni zamanda, Türkiyə də belə nəzarətdə qətiyyən maraqlı deyil. Amma Qərb ölkələri, xüsusilə Fransa kimi dövlətlər hesab edirlər ki, Zəngəzur dəhlizinə Avropa Birliyi nəzarət etməlidir. Hətta Fransa Zəngəzur dəhlizinə təkbaşına nəzarət etmək xəyalları qurur. Ermənistan bir müddət öncə Fransa və Avropa Birliyinin Zəngəzur dəhlizinə nəzarət istəklərini reallaşdırmaq üçün beynəlxalq şirkətin bu marşruta nəzarət etməsini təklif eləmişdi. Təbii ki, rəsmi Bakı oyunun nə olduğunu anladığına görə, bu variantı tamamilə bu variantdan tamamilə imtina etdi və qəbuledilməz olduğunu bildirdi. Hansısa bir beynəlxalq şirkətin Zəngəzur dəhlizinə nəzarət etməsi yolverilməzdir. Zəngəzur dəhlizi olduqca qəliz və ziddiyyətli maraqların təsiri altında qalıb. Ona görə də dəhlizin açılması bir qədər yubanır. Ancaq Ukrayna savaşının sona çatması və Yaxın Şərqdə baş verənlər, xüsusilə İran ətrafındakı proseslər, eyni zamanda Avropa və Asiya ölkələrinin nəqliyyat, kommunikasiya, eləcə də geoiqtisadi maraqları əvvəl-axır Zəngəzur dəhlizinin açılmasına münbit şərait yarada bilər. Üstəlik, Azərbaycan o qədər əhəmiyyətli strateji mövqedə yerləşir ki, böyük ehtimalla Zəngəzur dəhlizi məhz dövlətimizin maraqlarına uyğun şərtlərlə açılacaq".