- "Əgər İran Ali dini rəhbərliyi də Pezeşkianın tutduğu mövqeyi tutsa münasibətlərimizin arzuladığımız səviyyədə olması üçün şərait yarana bilər"
Azərbaycan və İran arasında münasibətlər regionda baş verən mürəkkəb siyasi və hərbi proseslər fonunda yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə ABŞ və İran arasında gərginliyin artdığı, Tehranın müxtəlif istiqamətlərdə ciddi təzyiqlərlə üzləşdiyi bir vaxtda Azərbaycanın İrana münasibətdə nümayiş etdirdiyi mövqe və göstərdiyi dəstək İran tərəfindən yüksək qiymətləndirilib. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanın müharibə dövründə Tehrana göstərdiyi siyasi, diplomatik və logistik dəstəyi xüsusi qeyd etməsi Bakı ilə Tehran arasında münasibətlərin regional böhranlar fonunda hansı istiqamətdə inkişaf edə biləcəyi məsələsini də gündəmə gətirib.
Prezident İlham Əliyevin Pezeşkiana cavab olaraq Azərbaycan və İran xalqlarının çətin və ağır günlərdə hər zaman bir-birinin yanında olduğunu vurğulaması isə Bakının Tehranla münasibətlərə yanaşmasının əsas prinsiplərindən birini ortaya qoyur. Qarşılıqlı açıqlamalar iki ölkə arasında yalnız siyasi əlaqələrin deyil, regional təhlükəsizlik və sabitlik məsələlərində qarşılıqlı mövqelərin də əhəmiyyət daşıdığını göstərir. Bu baxımdan Pezeşkianın Azərbaycanın dəstəyini açıq şəkildə ifadə etməsi və İlham Əliyevin buna müsbət cavabı Azərbaycan-İran münasibətlərinin gələcəyi ilə bağlı diqqətçəkən siyasi mesaj kimi qiymətləndirilə bilər.
Politoloq Abutalıb Səmədov “Sherg.az"a açıqlamasında deyib ki, son İran prezidentləri Azərbaycanla münasibətlərin dostluq, qardaşlıq səviyyəsində olması üçün cəhdlər göstəriblər:
“Bundan əvvəlki prezident İbrahim Rəisi də son görüşündə dostluq, qardaşlıq mesajları vermişdi. “Bizi heç kim bir-birimizdən ayıra bilməz”, “bizim aramıza heç kim girə bilməz” demişdi. Eyni mövqeni indiki prezident Pezeşkian da tutur. Ancaq İranda güc Ali Dini Rəhbərin və onun ətrafındakıların əlindədir. Və çox təəssüf ki, onlar bəzən münasibətlərimizin pozulması üçün əllərindən gələni edirlər. Zəngəzur dəhlizinə qarşı düşmən münasibət göstərmək, onun qarşısını almaq üçün hətta Azərbaycanı, Türkiyəni, özünün müttəfiqi Rusiyanı müharibə ilə hədələmək, təbii ki, münasibətlərimizə mənfi təsir göstərməyə bilməzdi. ABŞ ilə İran arasında gərginliyin mövcud olduğu indiki zamanda Azərbaycanın İrana göstərdiyi yardım bizim mövqeyimizi, bizim yanaşmamızı bir daha ortaya qoyur. Biz İrana münasibətdə səmimiyik, İranla dost, qardaş dövlət kimi münasibətlər saxlamaq istəyirik və bir-birimizin daxili işlərinə qarışmamaq şərti ilə bu münasibətlərimizi davam etdirmək arzusundayıq.
Analitik qeyd edib ki, İran, hər məsələdə Azərbaycanın tutduğu mövqeyi tənqid edir, qəbul eləmək istəmir, etiraz eləyir, bəzən hədələyir:
“Bu da, münasibətlərimizə çox böyük ziyan vurur. Bundan sonra da yəqin ki, belə hadisələr baş verəcək. Məsud Pezeşkian çox təəssüf ki, İranda hər şeyi həll eləyən, son söz söyləyən şəxs deyil və İranın bütün problemləri də bundan qaynaqlanır. Bu günə gələn münasibətlərimizlə sülhən ayrılmaq mümkün deyilsə, bunun da kökündə həmin İranın idarəçiliyi dayanır. Çox təəssüf ki, Pezeşkianın bizim üçün xoş olan bəyanatları heç nəyi dəyişdirməyəcək. Yenə müəyyən dairələr münasibətlərimizi pozmaq üçün əllərindən gələni edəcəklər və iki dövlət arasında problemlər yaratmağa çalışacaqlar. Bütövlükdə, əgər İran Ali Dini Rəhbərliyi də Pezeşkianın tutduğu mövqeyi tutsa, bu cür mövqedən çıxış etsə, münasibətlərimizin arzuladığımız səviyyədə olması üçün şərait yarana bilər. Və bu, həm İran üçün, həm Azərbaycan üçün, həm də bölgə üçün mühüm əhəmiyyətə malik olan bir məsələdir. Çox təəssüf ki, bir müddətdən sonra yenə də yanlış bəyanatlar, ittihamlar səslənəcək və bu da münasibətlərimizin soyumasına gətirib çıxaracaq”.