Ermənistanın keçmiş baş naziri Xosrov Harutyunyan iyunun 7-də keçirilmiş parlament seçkilərinin legitim olmadığını bəyan edib.
Sherg.az xəbər verir ki, siyasətçi mətbuat konfransında seçkilərin ciddi qanun pozuntuları ilə müşayiət olunduğunu iddia edərək, 1990-cı illərdən bəri belə vəziyyətlə rastlaşmadığını bildirib.
Onun sözlərinə görə, seçki qanunvericiliyi səsvermənin nəticələri çıxarılarkən açıq şəkildə pozulub və buna görə də seçkilərin legitimliyindən danışmaq mümkün deyil.
Harutyunyan həmçinin müxalifətin Ermənistan Konstitusiya Məhkəməsinə təqdim etdiyi şikayətlərdə çoxsaylı qanun pozuntularını əks etdirən sübutların yer aldığını vurğulayıb.
Keçmiş baş nazir hakimiyyəti “hakimiyyətin qəsbi”ndə ittiham edərək, seçkilərdən sonra atılan addımları “hüquqi terror” kimi qiymətləndirib.
Xatırladaq ki, rəsmi nəticələrə əsasən, Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə çoxluğu qoruyub saxlasa da, konstitusiya çoxluğu əldə edə bilməyib. Seçkilərin nəticələrinin ləğvi tələbi ilə yeddi siyasi qüvvə Konstitusiya Məhkəməsinə müraciət edib.