İmamoğlu işi üzrə məhkəmənin 81-ci iclası keçirilib

İstanbulda Əkrəm İmamoğlu ilə bağlı “çıxar məqsədli cinayət təşkilatı” işi üzrə 51-i həbsdə olmaqla 414 təqsirləndirilənin mühakimə olunduğu məhkəmənin 81-ci iclası keçirilib.

Sherg.az xəbər verir ki, İstanbul 33-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda həbsdə olmayan təqsirləndirilən şəxslərin müdafiəsi dinlənilib.

Reklamçı Ali Can Akün ifadəsində bildirib ki, 2024-cü ildə Kızıltoprakda reklam üçün divar sahəsi götürüb. Onun sözlərinə görə, icazə üçün müraciət etsə də, sənədlər gecikib və reklamlar sökülüb.

Akün bildirib ki, daha sonra ondan müəyyən ödənişlər etməsi tələb olunub və ödənişlərdən sonra reklam icazələri ilə bağlı problemlər aradan qalxıb.

İş adamı Hüsnü Akhan isə ona qarşı irəli sürülən 10 milyon dollarlıq rüşvət iddiasını rədd edib. O, ittiham aktında adı çəkilən şəxslərlə heç bir əlaqəsinin olmadığını bildirib.

Akhan Hatayda zəlzələdən zərərçəkənlərə yardım çərçivəsində təxminən 174 milyon dollar vəsait ayırdıqlarını, ittihama səbəb olan məbləğin isə bununla müqayisədə cüzi olduğunu deyib.

Məhkəmə iclasında Akhanın Hatayda 201 prefabrik yaşayış evinin tikintisi, konteynerlər və ətraf infrastrukturla bağlı ödənişləri barədə də suallar verilib.