Ermənistanın İrandakı səfiri Qriqor Akopyan İran xarici işlər nazirinin müavini, Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Səid Xatibzadə ilə görüşüb. Tərəflər ekspert səviyyəsində dialoqun daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar həmçinin birgə proqramların təşkili və təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər. İranın xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi də Ermənistan-Azərbaycan sülh prosesindən danışıb. O qeyd edib ki, Tehran sülhün əldə olunması üçün Azərbaycana və Ermənistana dəstək verməyə hazırdır. Rəvançi həmçinin, Ermənistan və Azərbaycan arasında sülh sazişinin regional sabitlik üçün əhəmiyyətini vurğulayıb. O, müqavilənin imzalanmağa hazır olduğunu deyib və iki ölkəni də gələcəyə diqqət yönəltməyə çağırıb. Nazir müavini başqa ölkənin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu bildirib və hərbi gücdən istifadəni pisləyib. Rəvançi Bakı və İrəvanı sülhü təmin etmək üçün qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan regional əməkdaşlığa çağırıb.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, İran rəsmilərinin mövqelərindəki ziddiyyət onların hər çıxışlarında özünü büruzə verir. Siyasi şərhçi vurğulayıb ki, əgər iki ölkə arasında sülhdən və bu sülhə dəstək verməkdən danışılırsa, o zaman Azərbaycan-Ermənistan arasında kommunikasiyaların açılması da bu sülhün predmetidir:

"Əslində, məsələ heç də təkcə Zəngəzur dəhlizinin yox, iki ölkə arasında bütün kommunikasiyaların açılmasından gedir. İndi bu kommunikasiyalar hansı şərtlərlə açılacaq, tərəflər bir-birilərinə hansı güzəştləri edəcəklər, bu, iki ölkənin öz aralarında olan məsələdir. Xüsusən, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına maneəsiz keçid kimi öhdəliyinin olduğu bir halda. Bu öhdəliyin heç bir ərazi bütövlüyü pozulması durumu yaratmadığı da aydındır. Bu, beynəlxalq praktikada mövcud olan haldır. Məsələn, Rusiyanın Kalininqrad bölgəsini Belarusla birləşdirən Suvalki dəhlizi buna misaldır. Bu dəhliz Polşa və Litva ərazilərindən maneəsiz keçir. İranın Azərbaycan və Ermənistana hansısa çağırış etməsi məsələsi də Azərbaycan üçün xoş deyil. İran bu məsələdə tərəfsizliyini çoxdan, münaqişənin ilk dövrlərindən itirib".
Analitik bəyan edib ki, bu tipli çağırışlar Azərbaycan tərəfi üçün süni görünür:
"Daha çox prosesə mane olmaq məqsədi daşıdığı qənaəti hasil edir. Çünki İrandan bu məsələdə bir çox fərqli səslər çıxır. Təkcə İranın "qırmızı xətt" anlayışı Azərbaycan üçün, onun vasitəçiliyi üçün keçərli məsələdir ki, Azərbaycan bundan imtina etsin. Azərbaycan və Ermənistan hazırda sülh müqaviləsi şərtlərinin razılaşdırılması prosesini böyük ölçüdə ikilikdə başa vurublar. Buna kimsə vasitəçilik etməyib. Yəqin ki, bundan sonra da qalan məsələləri öz aralarında həll edəcəklər. İran sülh müqaviləsi məsələsində Azərbaycan və Ermənistana dəstək olmaq istəyirsə, səmimi şəkildə prosesdən kənar dursun, yetər. Yerdə qalan məsələləri Azərbaycan və Ermənistan özü həll edəcəklər. Azərbaycan Ermənistanla hərb dilində danışmaq istəsəydi, bu məsələ çoxdan həllini tapmışdı. Azərbaycanın belə bir niyyəti yoxdur. Təbii ki, Ermənistanın hansısa ağılsız hərəkətləri buna Azərbaycanı təhrik etməsə..".