"Quruda əməliyyat olmasa da, İranın müqavimət imkanları minimaldır”
"Situasiya təxminən Suriya ssenarisinə uyğun olacaq"
İran-ABŞ və İran-İsrail münasibətləri son dövrlərdə gərgin bir mərhələyə qədəm qoyub. Tehranın atdığı diplomatik ton və hərbi hazırlıq mesajları regionda yeni münaqişə risklərinin artdığını göstərir.
İranın ali rəhbərinin müşaviri Kamal Xərrazi ABŞ ilə diplomatik danışıqlar üçün artıq yer olmadığını bəyan edib. O, eyni zamanda İran ordusunun uzunmüddətli müharibəyə hazır olduğunu vurğulayıb.
Bu açıqlama, xüsusilə ABŞ və İsraillə qarşıdurma fonunda regionda gərginliyi daha da artırır və diplomatik həll yollarının daraldığını göstərir. İranın belə mövqeyi, həm beynəlxalq siyasətdə, həm də regional təhlükəsizlikdə yeni strateji çətinliklərin ortaya çıxmasına səbəb ola bilər.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a söyləyib ki, hərbi əməliyyatların gedişi havada ABŞ və İsrailin üstünlüyü əlində saxladığını göstərir:
“Müasir müharibə qaydalarına uyğun olaraq İranın hərbi məğlubiyyəti göz qabağındadır. Amma bəziləri deyirlər ki, quruda əməliyyat olmadan məğlubiyyət mümkün deyil. Mən bu fikirlə o qədər də razı deyiləm. Ona görə ki, hansısa ölkə öz hava məkanını tamamilə düşmənin əlində veribsə, o sadəcə cüzi müqavimət göstərə bilər. Doğrusu, indiki mərhələdə İran rəsmilərinin müharibəni davam etdirmək bəyanatlarını başa düşmürəm. Çünki hərbi baxımdan artıq bu mənasızdır”.
Sabiq nazir qeyd edib ki, Tramp və İsrailə sülh lazım deyil:
“Hərbi əməliyyatlar və havadakı üstünlükləri göstərir ki, onlar İranın infrastrukturunu dağıtmağa hazırdırlar. Məqsəd de facto olaraq nüvə və balistik raket proqramlarının dayandırılsmasıdır. Bu məqsədə artıq nail olunub. Çünki yüksək texnoloji imkanlar tələb edən əhəmiyyətli infrastrukturların məhvi sözügedən proqramları faktiki olaraq ləğv edir. İnfrastrukturun dağıdılması fonunda İranın bərpası uzun müddət tələb edəcək. Son iki gün ərzində elektrik şəbəkələri, yanacaq istehsalı və kommunikasiyalar, eləcə də Fars körfəzində yerləşən limanlar zərbə altındadır. Bu hədəflərin vurulması insanların yaşayış tərzinə və səviyyəsinə birbaşa təsir edəcək”.
T.Zülfüqarov vurğulayıb ki, məqsəd yaxın gələcəkdə həm nüvə, həm də balistik raket proqramlarının fəaliyyətinə imkan qalmamamasıdır:
“Yəni hər hansı ehtiyatlar istifadə ediləcək və İran müqavimət göstərmək imkanlarından məhrum olacaq. Digər tərəfdən görürük ki, hərbi əməliyyatların strukturu da dəyişir. Artıq İranın hava qüvvələri müqavimətdə iştirak edə bilmir. Balistik raketlərin zərbələrinin ciddi təsir göstərə biləcəyi ehtimalı zəifdir. Yaxın ərazilərdəki zərbələr isə birbaşa ABŞ və ya İsrailə təsir etmir. Digər təhlükə ondan ibarətdir ki, Körfəz ölkələri də bu hərbi əməliyyatlara qoşula bilər. Onların hərbi təyyarələrinin sayı 600-dən çoxdur ki, bu da hava zərbələrinin artırılmasına gətirib çıxaracaq. Sözügedən 600 təyyarənin hücuma qoşulması İranı kritik vəziyyətə gətirəcək”.
Ekspertin sözlərinə görə hazırkı mərhələdə İran tam dağılmaması üçün ciddi tədbirlər görməli və hərbi əməliyyatların dayanmasına nail olmalıdır:
“Bu çətin qərardır, çünki nəticədə hakimiyyətdə olan dairələr siyasi məğlubiyyətə məruz qalacaq. Amma başqa çıxış yollarını görmürəm. Bu təhlildə kim haqlıdır, kim haqlı deyil və s. məsələlərdən uzaq dururuq; bu, yalnız praktiki təhlildir. Siyasi məsələlərdə emosional qiymətləndirməyə yol verməmək lazımdır. Situasiya təxminən Suriya ssenarisinə uyğun olacaq. Hətta yüksək texnologiyalı konvensional silahların aradan götürülməsi prosesi davam etsə, bu, ölkəni Suriyadakı və ya Liviya səviyyəsindəki fəlakətli vəziyyətə gətirə bilər. Bu isə fəciəli bir senaridir”.