“İstirahət etməyə vaxt tapdım” - Simonyan yeni təyinatından danışdı

Ermənistan parlamentinin sabiq spikeri Alen Simonyan ölkənin Təhlükəsizlik Şurasının yeni katibi vəzifəsinə təyin olunmasından danışıb.

Sherg.az xəbər verir ki, Simonyan "24News"a müsahibəsində yeni vəzifəsinin öhdəsindən gələcəyinə əmin olduğunu bildirib. Hazırda o, özündən əvvəl bu vəzifəni tutan və dostu adlandırdığı Armen Qriqoryanın fəaliyyət təcrübəsini öyrənir. Simonyan Qriqoryanın bundan sonra da layiqli vəzifəyə təyin olunacağına inandığını deyib.

Jurnalistin bir müddət əvvəl istirahət etmək və şəxsi həyatına vaxt ayırmaq istədiyini bildirdiyini xatırlatması üzərinə Simonyan belə cavab verib:

“Mən ölkədən kənarda 20 gün qaldım və istirahət etməyə vaxt tapdım”.

Alen Simonyan 2021-ci ildən Ermənistan parlamentinə rəhbərlik edib. 2026-cı il seçkilərində “Vətəndaş müqaviləsi” partiyasının siyahısında 14-cü sırada yer alan Simonyan seçki kampaniyasında fəal iştirak edib. Lakin seçkilərdən sonra partiya rəhbərliyi onu parlament sədri vəzifəsinə namizəd göstərməyib. Bundan sonra Simonyan deputat mandatından imtina edərək “istirahət etmək və şəxsi həyatını qaydaya salmaq” istədiyini açıqlayıb.

Bununla belə, onun siyasi fasiləsi uzun çəkməyib. Ermənistan mediasında Simonyanın Təhlükəsizlik Şurasının katibi təyin olunması hətta hakimiyyət çevrələrində zarafatla “Paşinyanın toy hədiyyəsi” adlandırılıb.

Qeyd edək ki, Simonyanın toyu 5 sentyabr tarixinə planlaşdırılıb. Bu, onun üçüncü evliliyi olacaq.