- Əbu Turabinin deputat adından yayılan açıqlaması daha çox avanturadır
- "ABŞ və İran arasında qarşıdurma hələ bir müddət davam edəcək"
İran daxilində siyasi proseslər və hakimiyyət strukturları arasındakı münasibətlər müxtəlif müzakirələrə səbəb olur. Xüsusilə ölkənin ali rəhbərliyi, hökumət və hərbi strukturlar arasında mümkün fikir ayrılıqları, eləcə də ABŞ ilə İran arasında davam edən qarşıdurma fonunda səslənən açıqlamalar diqqət mərkəzindədir.
İran parlamentinin deputatı Əbülfəzl Əbuturabi Prezident Məsud Pezeşkian hökumətinin Ali rəhbər Müctəba Xameneiyə ABŞ ilə danışıqlarda israr etdiyi və bu barədə ona 28 məktub göndərdiyi iddiasını irəli sürüb. O, həmçinin parlament sədri Məhəmməd Baqir Qalibaf və Pezeşkianın “ABŞ ilə danışıqlar tələsi”nə düşdüyünü iddia edib. Vaşinqtonla danışıqları müdafiə edən şəxslərə şübhə ilə yanaşılmalı olduğunu bildirib.
Əbuturabi, eyni zamanda, İranın daha iki həftə müharibəyə tab gətirəcəyi təqdirdə ABŞ və Prezident Donald Trampın danışıqlar başlamazdan əvvəl Tehranın bütün tələblərini qəbul edəcəyini iddia edib.
Politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, Məsud Pezeşkian və Məhəmməd Baqir Qalibafın Müctəba Xamenei ilə görüşünü təsdiqləyən bir sənəd yoxdur:

"Bu baxımdan onların Xameneini təhdid etməsi və yaxud onu danışıqlara məcbur etməsinə dair fikirlər də reallığı əks etdirmir. Müctəba Xamenei adından yayılan açıqlamalarda onun danışıqlara qarşı olduğu deyilir. Pezeşkian da hakimiyyətdə bütün məsələlərin Müctəba Xameneinin göstərişi əsasında icra olunduğunu bildirir. Bu baxımdan Əbu Turabinin deputat adından yayılan açıqlaması daha çox avanturadır.
İran hakimiyyəti daxilində ciddi böhranın olduğu istisna olunmur. Fikir ayrılığı var: ordu arasında, SEPAH-la hökumət arasında və s.
Niyyət var, problemlər çoxdur, amma nə Müctəba Xameneinin, nə də Məhəmməd Baqir Qalibafın yeni çəkili məktub göndərərək onu təhdid etməsi məsələsi inandırıcı görünmür. ABŞ ilə İran arasında qarşılıqlı raket və dron hücumları davam edir".
Analitik qarşılıqlı hücumları bir müddət də davam edəcəyini vurğulayıb:
"ABŞ-nin əsas hədəfi Hörmüz boğazına nəzarəti ələ keçirmək, İranın nüvə proqramını sıradan çıxarmaq, həm də İranın hərbi-iqtisadi potensialını zəiflətməkdir. Bununla da ABŞ İran hakimiyyətinin kapitulyasiyasına nail olmağa çalışır. İran isə Çin və Rusiyanın köməyi ilə ABŞ-nin hərbi əməliyyatlarına qarşı müqavimət göstərir. Bununla da öz maraqlarını müdafiə edəcəyini, İrana qarşı hücumları dəf etməyə qabiliyyətlərinin, qüdrətlərinin çatdığını bəyan edir".