Naxçıvanı Türkiyə ilə də birləşdirəcək dəmir yolu mütləq olmalıdır -Prezident

Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq olmalıdır və bütün bu layihələr təbii ki, koordinasiya şəklində aparılmalıdır.

Sherg.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Azərbaycanda bütün yolların daha tez həll oluna biləcəyini vurğulayan dövlətimizin başçısı ölkəmizin ərazisində Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problemin qalmadığını qeyd edib.

Azərbaycanın təşəbbüsü ilə Ağbənd qəsəbəsində Arazın üzərindən körpünün də inşa edildiyini deyən Prezident İlham Əliyev bildirib: “Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq, Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik.

Prezident İlham Əliyev Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcəyini bildirib.

“Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, - indi orada böyük suvarma layihələri icra ediləcək, - istər turizm, bu bölgəni biz birləşdirəcəyik. Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik”, - Azərbaycan Prezidenti deyib.

Ermənistanın da bundan ancaq fayda görəcəyini qeyd edən Prezident İlham Əliyev vurğulayıb: “Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər”.