Ehtiyatı əldən verməyin

"Səhiyyə Nazirliyi tövsiyə edir ki, əhali yerli poliklinika şöbələrinə müraciət edib, qrip əleyhinə peyvənd olunsunlar"

Azərbaycan Ordusu, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbələr qazanmağa başladığı gündən – sentyabrın 27-dən tibb sahəsi üzrə mütəxəssislər də, ictimai xadimlər də əhaliyə müraciət edir, koronavirusdan qorunmaq üçün qaydalara riayət etməyin vacib olduğunu bildirir, qüvvələrimiz parçalanmasın, cəbhədə xidmət edən tibb personalı iki cəbhəyə - ön və arxa cəbhəyə bölünməsin, gücümüzü görünməyən düşmənə yox, görünən düşmənə sərf edək deyə, ictimaiyyətə səslənirlər. Əsgərlərimiz də xalqa üz tutub “Biz kaska taxırıq, siz maska taxın”, “Biz Vətənin keşiyində sizi qoruyaq, siz də maska taxmaqla hamımızı” müraciətləri edirlər. Təhlükə realdır.  Koronavirusa yoluxma sayında artım müşahidə edilir. Pandemiyalarda müsbət tendensiyadan xəbər verən statistikaya – sağalanların sayının yoluxanların sayından çox olmasına nail olmamışıq. Belə vəziyyətdə hamıdan çox ciddi məsuliyyət və davranış qaydalarına düzgün riayət etmək tələb olunur. 
  
Alçaq düşmənlə mübarizə aparan Azərbaycan, dünyanın da dərdini çəkir

Ümumiyyətlə, dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət kritikdir. Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrini yeni pandemiyaya hazırlaşmağa çağırıb. Bu barədə təşkilatın Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyası ərəfəsində yayımlanan bəyanatında deyilir.
Qeyd olunur ki, yeni pandemiyaya hazırlıq məsələsi Assambleyanın sessiyasında müzakirə olunacaq əsas mövzulardan olacaq: “Biz son bir il ərzində gördük ki, möhkəm səhiyyə infrastrukturuna malik ölkələr SARS-CoV-2 virusunun yayılmasına nəzarətin və bunun qarşısının alınmasında daha səmərəli iş görə bilib”. Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyası noyabrın 9-14-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  BMT Baş Assambleyasının koronavirus pandemiyası ilə bağlı xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Prezidentin təşəbbüsünə cavab olaraq BMT Baş Assambleyası xüsusi sessiya barədə qərar qəbul edib. 
Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş və təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənmişdi. 5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (Covid-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edib.

Qətnaməyə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərinə keçirilməsi qərara alınır. Açılış, ümumi müzakirələr, BMT sisteminin agentliklərinin birgə xüsusi təqdimatı və bağlanış seqmentlərindən ibarət olan bu mühüm tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlükəsizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də çıxışı nəzərdə tutulur.
XİN qeyd edir ki, dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda və beynəlxalq gündəmin ən mühüm məsələlərindən biri olan Covid-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı ilk günlərdən etibarən əleyhinə olan Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışmış və qətnamənin açılış hissəsində QH sədrinin çıxışının qarşısını alan addımlar atmağa cəhd edib. Yenə də Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşib və onun bu cəhdi rədd edilib:

"Hazırda dünyada sağlamlıq, təhlükəsizlik və rifaha ciddi hədə törədən Covid-19 pandemiyasının görünməmiş və çoxtərəfli təsirləri ilə mübarizə aparmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması pandemiya ilə birlik, həmrəylik və çoxtərəfli əməkdaşlıq əsasında əlaqələndirilmiş şəkildə qlobal mübarizənin aparılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzaqgörən humanist xarici siyasətin növbəti parlaq qələbəsidir".
 
Qrip əleyhinə peyvənd vacibdir və pulsuzdur!   

Payız mövsümündə pandemiyanın vüsət alacağı bildirilirdi və hazırlıq aparılması tövsiyə olunurdu. Azərbaycan səhiyyəsi məhz bu məqsədlə ölkədə qrip əleyhinə kütləvi peyvəndləmə aparılmasını təşkil edib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova peyvəndləmə barədə danışıb və qeyd edib ki, istənilən xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha əlverişlidir.

Payız-qış mövsümünün gəlməsi ilə əlaqədar havaların soyuması və immunitetin zəifləməsi təbii prosesdir. Qida rasionuna bol vitaminli meyvə-tərəvəzi daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq kimi adi qaydalara riayət etmək tövsiyə olunub. Müxtəlif respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalardan istifadə etmək, kütləvi tədbirlərdə iştirak etməkdən çəkinmək, fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə etməyin vacib olduğunu vurğulayıb.

N.Mürsəlovanın sözlərinə görə, istənilən xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha əlverişlidir. Məhz bu səbəbdən ölkədə bir sıra yoluxucu respirator xəstəliklərə qarşı peyvəndlərin aparılması həyata keçirilir. Mövsümi qripə qarşı peyvənd də bu qəbildəndir. Hətta immun sistemi olduqca güclü olan insanlar belə ildə ən azı bir dəfə qripə yoluxurlar. Bu xəstəlikdən qorunmaq üçün Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb. Məlum olduğu kimi, oktyabr ayının 12-dən etibarən AR Səhiyyə Nazirliyinin müvafiq əmri ilə ölkəmizdə müəyyən olunmuş əhali qrupları arasında mövsümi qripə qarşı peyvənd kampaniyasına start verilib.

Peyvənd kampaniyasının çərçivəsində tibb işçiləri, hamilə qadınlar, tənəffüs yollarının xroniki xəstəliklərinə malik 6 aylıqdan yuxarı uşaqlar və böyüklər peyvənd olunurlar.

N.Mürsəlova xüsusi olaraq vurğulayıb ki, qripə qarşı peyvənd olunmaq istəyən hər kəs yaşayış yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edib, peyvənd oluna bilər.
Mövsümi qrip əleyhinə peyvənd edilmə dövlət tibb müəssisələrində tamamilə pulsuz aparılır.

Nəinki əhali, tibb personalı da qaydaları pozur

Bu günlərdə heyrət ediləcək hadisə baş verib. Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasında böyük tibb qardaşı işləyən Bəhramxan Balazadə epidemiya və karantin rejimi qaydalarını pozaraq, xüsusi mühafizə olunan Quba RMX-da koronavirus pandemiyasından stasionar müalicə alan qohumunun yeniyetmə övladları ilə görüşməyini təşkil edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi maska və tibbi eynəklə təmin edən və təyin olunmuş xüsusi karantin qaydalarını kobud şəkildə pozan tibb işçisinin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb və o, saxlanılaraq polis şöbəsinə gətirilib. İlkin dindirilmə zamanı B.Balazadə törətdiyi əməlini səmimi etiraf edərək, peşman olduğunu bildirib. Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır. Koronavirus dəhşətlərini gözüylə görən tibb işçisi belə məsuliyyətsiz davranışa yol verirsə, avtobuslardakı maskasız sərnişinlərdən nə gözləyək?!.   

Əhali arasında səhlənkarlığa yol verənlər, məsuliyyətsiz davrananlar olduqca, koronavirus pandemiyasına qalib gələ biləcəyikmi? 

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında vətəndaşlarımızın pandemiyanı ciddiyə almalarını xahiş etdi: 

- Biz həkimlər hər gün, dəfələrlə deyirik ki, ehtiyatı əldən verməyin, diqqətli olun, karantin qaydalarına ciddi əməl edin. Görürsünüz, Türkiyədə, qonşu Gürcüstanda yoluxma sayı günbəgün artır. Bəzi ölkələr yenidən sərt karantin rejiminə qayıdır.  Koronavirusun xüsusiyyəti budur ki, qorunma olmayan, qorunmaya əməl edilmədiyi halda sürətlə baş qaldırır. İnsanların özü düşüncəli davranmalıdır, düşünməlidir ki, biz hazırda müharibə şəraitindəyik, ordumuz cəbhədə çox iyrənc bir düşmənlə döyüşür. Koronavirus təhlükəsi artsa, bunun ağır nəticələri ola bilər. Maarifləndirmə işləri bir an belə dayanmamalıdır. Sanki bir qədər məsuliyyətsizlik var, cəmiyyətdə də, əlaqədar strukturlarda da. Qoruyucu maskalardan istifadə əvvəlki kimi ciddi tələb edilmir. Və bu, çox təhlükəlidir. Xüsusilə qrip və paraqrip virus infeksiyalarının yayılmağa başladığı indiki zamanda. Məlumdur ki, payız mövsümündə qrip infeksiyalarına yoluxma ehtimalı daha da artır. İndi təsəvvür edin, qrip və ya paraqrip koronavirusla yanaşı getsə, nələr olar. Ona görə də maksimum qorunmaq, karantin rejiminə, gigiyena qaydalarına ciddi əməl edilməlidir. 

Ş.Məmmədov qrip əleyhinə peyvəndin koronavirus infeksiyasında ağırlaşmanın qarşısını aldığını dedi: 

- Ölkəmizdə qrip əleyhinə peyvəndləmə könüllüdür. Amma Səhiyyə Nazirliyi tövsiyə edir ki, əhali yerli poliklinika şöbələrinə müraciət edib, qrip əleyhinə peyvənd olunsunlar. Çünki mövsüm dəyişkənliyi, havaların qeyri-sabit keçməsi zəif orqanizmlərin müxtəlif infeksiyalara yoluxma riskini artırır. Ona görə də mütləq profilaktik tədbirlər görülməlidir. Peyvəndləmə də bunlardan biridir. Həmçinin immunitetin yüksəldilməsi də çox vacib şərtdir. Hər gün idman etmək, vitaminli qidalar, meyvə-tərəvəz qəbul etmək lazımdır. Hər birimiz bu gün torpaqlarımızı işğaldan azad edən əsgərlərimizi düşünməliyik.

Əsgər cöbhədə döyüşə-döyüşə bizi düşünür, biz isə səhlənkarlıq edirik, adi maskadan istifadə məsələsində laqeydlik nümayiş etdiririk. Hesab edirəm ki, əlaqədar qurumlar karantin rejimi qaydalarının pozulmasına qarşı ciddi tədbir görməlidir.