Peyvəndə inam getdikcə itir

Mütəxəssislər hesab edir ki, ən doğru yol pandemiya ilə mübarizədə karantin qaydalarına ciddi riayət etməkdir

Sosioloq: "İstəyirsən iki maska tax, nə qədər ki, avtobuslarda sərnişinlər biri-birinin "belində" gedəcəklər, yoluxma sayı hər gün artacaq"


Koronavirusa yoluxma sayında azalma, hələ ki, müşahidə  edilimir. Koronavirusa yoluxanlar arasında sağalanlar olsa da, bu rəqəm yoluxma sayını üstələmədikcə, pandemiya ilə mübarizədə  müsbət irəliləyişə nail olmaqdan danışmaq tezdir. Ölkəmizdə virusdan vəfat edənlərin sayı şükür ki, üçrəqəmli deyil. Xüsusi karantin rejiminin payız fəslində sərtləşdirilməsində məqsəd də ölüm göstərcilərinin üçrəqəmli həddə çatmasını önləməkdir.  Koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunduğu vaxtdan (2020-ci ilin mart ayı) mütəxəssislər dünyanı cənginə alan bu bəla ilə mübarizədə tibbi imkanlar, karantin rejiminin tətbiqi və sosial izolyasiya ilə yanaşı vətəndaş məsuliyyətinin də xüsusi önəm daşıdığını, hətta bir sıra hallarda daha da əhəmiyyətli olduğunu dəfələrlə vurğulayırlar.

Vətəndaş məsuliyyəti özünü nədə göstərməlidir?  Bu məsələdə hər bir amil xüsusi əhəmiyyət daşıyır. Vətəndaşların tibbi maskalardan istifadəsi, sanitar-gigiyenik qaydalara ciddi riayət etməsi, karantin qaydalarını pozmaması, sosial təcridə önəm verməsi başlıca şərtlərdir. Həmçinin də, qrip əleyhinə vaksinasiya.  Məlumdur ki, payız mövsümünün  başlanması ilə ölkəmizdə qrip əleyhinə vaksinasiyaya start verildi. Mütəxəssislər bu fikirdədir ki, qrip əleyhinə peyvənd koronavirusla mübarizədə  başlıca faktor olmasa da, effektiv vasitələrdən biridir. Bu məsələyə qayıdacağıq.  Amma  dünya alimləri az qala bir ilə yaxındır ki, həm də COVİD-19-un peyvəndini kəşf etmək uğrunda çarpışırlar. Koronavirus pandemiyası başlanandan bir çox ölkələr peyvənd istehsalında irəliləyiş əldə etdiklərini, peyvənd yaradılmasına çox yaxın olduqlarını elan ediblər, lakin hələ də ortada tutarlı dəlil yoxdur.  Dünya koronavirus əleyhinə peyvənd intizarında olduğu bir vaxtda Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyir ki, peyvənd COVID-19 pandemiyasının qarşısını ala bilməyəcək. “Peyvənd əlimizdəki digər vasitələri tamamlayacaq, lakin onları əvəz etməyəcək. Peyvənd təkbaşına pandemiyaya son qoymayacaq”, - deyə ÜST-nin baş direktoru bildirib. O, əvvəlcə səhiyyə işçiləri, yaşlı insanlar və digər risk qruplarına daxil olan insanların peyvənd olunacağına üstünlük veriləcəyini qeyd edib: “Bu, ümid edirəm ölüm sayını azaldacaq və səhiyyə sistemlərinin mübarizəsinə töhfə verəcək”.

Hələ ortalıqda olmayan, lakin ümid bəslənən peyvəndə inam itirsə, nə etməliyik? Mütəxəssislər hesab edir ki, ən doğru yol pandemiya ilə mübarizədə karantin qaydalarına ciddi riayət etməkdir. 

Qrip əleyhinə peyvənd “korona”dan qoruyar

Mütəxəssislər hesab edir ki, payız-qış mövsümündə  COVİD-19-la bağlı vəziyyətin gərginləşəcəyini diqqətə almaq lazımdı. Bu səbəbdən də vətəndaşların qrip əleyhinə peyvənd olunması vacib hesab edilir. Qrip əleyhinə peyvənd dövlət proqramı əsasında həyata keçirilir. Ümumiyyətlə, dövlət proqramı ilə təsdiq olunan tədbirlər proqramı çərçivəsində hər 5 ildən bir 11 xəstəliyə qarşı mübarizə həyata keçirilir. Bunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qeydiyyata alınmış peyvəndlərdir. Azərbaycanda bu təcrübə illərdir formalaşıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi  Elmi Komitəsinin sədri, professor Akif Qurbanov KİV-ə açıqlamasında vaksinasiya prosesinin bütün dünyada həyata keçirildiyini deyib: “Qarşıdan soyuq aylar gəlir. Bu mövsümdə respirator xəstəliklər, hava-damcı yolu ilə keçən xəstəliklər çoxalır. Bu, ilk növbədə qrip xəstəliyidir. Ona görə də vaksinasiya hazırkı durumda aktuallaşır. Əgər COVİD-19 xəstəliyi ilə birlikdə qripə rastlanarsa, bu çox ağır hallara gətirib çıxara bilər. Ona görə də hazırda dünyada qrip əleyhinə peyvənd işləri sürətləndirilir. Demək olar ki, dünyanın bütün ölkələri bu gün belə tədbirlər görür. Əslində qrip əleyhinə vaksinasiya COVİD-19 əleyhinə də mübarizənin bir üsuludur. Əvvəlki illərdə qrip əleyhinə peyvənd prosesi olsa da, bu şəkildə ciddi olmayıb. Biz koronavirusun çətinlik yaratdığı dönəmdə yaşayırıq. Biz bu payız-qış aylarında müəyyən çətinliklərlə üzləşməsək, yaxın vaxtlarda COVİD-19 əleyhinə vaksinlər bizə çox kömək edəcək”. 

Mütəxəssislər hesab edir ki, xüsusi əhali qrupları mütləq şəkildə peyvənd olunmalıdır. Bunlar 65 və yuxarı yaş həddində olan insanlar və 5 yaşdan kiçik uşaqlardır. Çünki bu təbəqə virusu çox ağır şəkildə keçirə bilər. Ürək qüsuru, şəkərli diabet, təzyiq və digər xəstəliyi olan uşaqlara da ayrıca diqqət yetirilməli və mütləq peyvənd edilməlidir. TƏBİB-in mütəxəssisi Nəzrin Mustafayeva isə brifinqdə bildirib ki,  COVİD-19-la mübarizədə vaksinasiya önəmlidir: 

- Biz bu xəstəliyi qrip olaraq adlandırırıq, lakin o, törədicisi infulensiya xəstəliyidir. Lakin şansımız ona görə var ki, bunun əleyhinə vaksin var. Ona görə də hər kəs peyvənd olunmalıdır.

Təmizlik mühüm qoruyucudur  

Xatırladaq ki, ölkə başçısı cənab İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər noyabr ayında  da davam etdirildi. BŞİH-nin Mətbuat Xidmətinin məlumatına görə, son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında böyük artımın olması nəzərə alınaraq ötən şənbə və bazar günü (noyabr ayının 14-ü və 15-də) səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 16-cı dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. Mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinlərinə zərurət olmadıqca evdən  çıxmamaqla bağlı əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq edilib. Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər. Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Qış aylarında yağıntılar yağan zaman isə dezinfeksiya işləri lokal xarakter daşıyacaq. Və vətəndaşlarımızdan bir daha xahiş olunub ki, koronavirusun daha da çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına riayət etsinlər. Amma edirikmi? 

“Vətəndaşlar məsuliyyət hissini itirməməlidir”

Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında koronavirus pandemiyası ilə mübarizədə əhalinin məsuliyyətli davranmasının vaksinasiyadan da, dezinfeksiya tədbirlərindən də önəmli olduğunu söylədi: 

- Hamımız görürük ki, dövlət orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. İnsafən, yerinə yetirirlər də. Pandemiya ilə mübarizədə hər kəsin üzərnə düşən bir vəzifə var. Hökumət orqanları,  rəsmi strukturlar, yoluxucu xəstəliklə mübarizəyə cəlb olunmuş həkimlər – hər birinin öz vəzifəsi, daşıdığı məsuliyyət var. Baxın, mart ayından etibarən NK yanında  Operativ Qərargah  karantin rejiminə keçid qərarı verdi. Bu qərarlar vəziyyətə uyğun dəyişikliyə də uğradı. Bəzən yumşaldıldı, bəzən sərtləşdirildi.  Hazırda ölkə ərazisində karantin rejiminin müddəti 1 dekabr 2020-ci ilədək  uzadılıb. Eyni zamanda ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, bəzi bölgələrə giriş-çıxışa məhdudiyyət qoyulub. Çünki məsələn, Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunmuşdu.  Bu səbəbdən Sabirabad,  Şəki, Lənkəran, Quba, Mingəçevir, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına giriş-çıxışda müəyyən məhdudiyyətlər tətbiq edilir. Həmçinin Bakıda, Sumqayıtda, Abşeron ərazisində həftəsonları ictimai nəqliyyatın hərəkətinin dayandırılması, həmçinin də metropolitenin qapalı saxlanması da qüvvədə qalır. Amma buna paralel olaraq nə baş verir? Metropoliteni əvəz etməli olan ekspres avtobuslarda hədsiz sıxlıq yaşanır. Hesab edirəm ki, yoluxmanın artmasına əsas səbəblərdən biri də məhz budur. İnsanlar çox əziyyət çəkir bu avtobuslarda.  Sərnişinlər bir-birinin “belində”  gedirlər. Belə vəziyyətdə yoluxma qaçılmazdı. İstəyirsən bir yox, iki maska tax. Taxdığımız maska nədir ki?! Nazik parçadır. Bu maskaları taxan adam o cür sıxlıq, basabas  şəraitində öskürsə, asqırsa, yanaşı dayanmış adamı mütləq yoluxduracaq. Ekspres avtobuslarda, xüsusilə də pik saatlarda yaşanan basabas zamanı istəyirsən lap əleyhqaz geyin, yenə də yoluxma riski böyükdür. Mən metronun açılmasının tərəfdarıyam. Çünki belədə ictimai nəqliyyatda sıxlıq xeyli azalmış olacaq. Bu da yoluxma sayının azalmasına gətirib çıxaracaq. Əlbəttə, metropoliten daxilində də karantin qaydalarına, sosial məsafənin gözlənilmsinə, tibbi maskalardan istifadəyə riayət edilməlidir. Qaydalara əməl ediləcəyi təqdirdə, heç bir təhlükə olmayacaq. 

L.Mehralı vətəndaşlarımızı yoluxma riskini görməzdən gəlməməyə çağırdı: 

- Vətən savaşında qalib gəlmiş ordumuzun igid, qəhrəman döyüşçüləri son mənzillərinə uğurlanır. Şəhidlərimizin dəfn mərasimlərində xalqımız kütləvi şəkildə iştirak edir. Bu, təbiidir və belə də olmalıdır. Bütün xalq şəhidinə son borcunu vermək istəyir və buna görə də dəfn mərasimlərinə gedirlər. Amma əsgərlərimiz bizə daim çağırış edir ki, özünüzü qoruyun ki, biz də düşmənlə mübarizəmizi davam etdirək. Vətəndaşlarımız belə mərasimlərdə mütləq tibbi maskalardan istifadə etməli və sosial məsafənin saxlanmasına riayət etməlidirlər. Əhalinin bir yerə sıxlaşması yoluxma riskini artırır. Vətəndaşlar bu məsələdə anlayış göstərməlidir.