“Türkün icad elədiyi vaksin bizi xilas edəcək”
Vaqif Qarayev: “Ümumdünya Səhiyyə Təşkilatının qorxulu proqnozlarını boş verin”
Koronavirusun qarşısının alınması məqsədilə başlanacaq peyvəndləmə aksiyasından qorxanlar da var. Böyük Britaniyada koronavirusun mutasiyaya uğraması və virusun yeni tipinin daha sürətlə yayılan və öldürücü olması haqqında yayılan xəbərlər də bir tərəfdən insanların peyvəndə inamını azaldır. Lakin mütəxəssislər mövcud peyvəndin koronavirusun mutasiyaya uğramış növünə qarşı da təsirli olacağını bildirir. “Mutasiya virusun hər hansı bir xüsusiyyətinin gen səviyyəsində tam dəyişməsi deməkdir.
Əgər mutasiyaya uğramış virusun antigenliyi də dəyişirsə, onda əvvəlllər hazırlanmış vaksinlərin effektivliyi azala bilər”. Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib. Onun sözlərinə görə, peyvənd hazırlayanlar koronavirusun dəyişən virus olduğunu qabaqcadan görürdülər: “Ona görə də vaksin üçün onun elə gen bölgələrini istifadə ediblər ki, həmin genlər mutasiyaya çox az məruz qalır. Bu baxımdan hesab etsək ki, mütəxəssislər belə bir dəyişikliyin baş verə biləcəyini görürdülər, onda onun qarşısını da alırdılar. Ona görə də biz hesab edirik ki, indi hazırlanmış vaksinlər mutasiyaya uğramış virusun törətdiyi xəstəliyə qarşı da kifayət qədər effektiv olacaq. Gələcəkdə hər hansı dəyişiklik baş verərsə, bu barədə əlavə məlumat verilə bilər”.
Pediatr Vaqif Qarayev də “Şərq”ə açıqlamasında vaksinasiyanın vacib olduğunu bildirdi:
- Vaksinasiya yoluxmanın qarşısını alır. Məlumdur ki, türk alimi COVİD-19 qarşı peyvənd icad edib. Təsəvvür edin ki, Nyu-York xüsusi xəstəxanasının şöbə müdiri Mirer bu icada Nobel mükafatı düşdüyünü deyir: “Türk əsilli cütlüyün ərsəyə gətirdiyi RNT-vaksinini “Penisillin”in icadı ilə müqayisə etmək olar! Epoxal hadisədir. Şübhəsiz ki, bu icada görə onlar Nobel mükafatı alacaqlar".
Türk aliminə Nobel mükafatı verilib-verilməyəcəyini hələlik bir kənara qoyaq, hansı vaksindən istifadə edək? Çin, yoxsa türk? V.Qarayev bildirdi ki, türk alimin icad etdiyi vaksinin istifadəyə verilməsinə dair bir məlumat yoxdur:
- Biz təhlükəsiz, effektli və nisbətən ucuz vaksini seçməliyik... Təkcə Mirer yox, əksər mütəxəssislər türk alimlərinə "hə" deyir. Türk alim Uğur Şahin deyib ki, vaksini 20 fərqli mutasiya üçün təcrübədən keçiriblər. Bu vaksin indiki mutasiya üçün də effektlidir. Ümumdünya Səhiyyə Təşkilatının qorxulu proqnozlarını boş verin.
Türkün icad elədiyi vaksin bizi xilas edəcək. Virusdan xilas olmaq üçün ya spesifik dərman olmalıdı, ya da vaksin. Hər ikisi olsa, lap əla olar. Bu günə dərman yoxdur. Deməli, vaksinə daha çox önəm verməliyik. Mən vaksin tərəfdarıyam və həmişə bunu təbliğ edəcəm. "Yan təsiri olacaq", "öldürəcək", "immunitet yaratmayacaq" kimi bazar söhbətlərinə fikir vermək lazım deyil. İstənilən peyvənddə olduğu kimi burda da hansısa əlamətlər müşahidə oluna bilər.
Amma COVİD-ə yoluxmaqdansa, peyvənd olunmaq daha faydalıdı. Peyvəndin əks təsiri, insanı şoka salması və sair barədə məlumat yoxdur. Peyvəndlərin alınmasına gəlincə, məncə, Azərbaycan Türkiyədən alacaq.