Professor "Şərq" vasitəsilə preparatın tədqiqatlarından söz açıb
Bəzi həkimlərin COVİD-19 zamanı əsas müalicə vasitəsi kimi tədqim və təbliğ etdikləri Favipiravir preparatı və onun analoqlarının koronavirusa effektiv təsir göstərməməsi barədə həddindən artıq elmi sübutlar toplanmaqdadır. Hazırda apteklərdə tapılmayan, lakin “qara bazar”da fantastik qiymətə satılan bu preparatların COVİD-19-a təsiri əsl reallıqda bəs necədir? Doğrudanmı Favipiravir kimi preparatlar COVİD-19 zamanı əsas müalicə vasitəsidir? Yoxsa bu da bir təbliğatdır?
Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən tibb elmləri doktoru, professor Musa Qəniyev qeyd edib ki, Favipiravir preparatının klinik sınaqları haqqında ilk məlumat 2002-ci ildə dərc olunsa da, yalnız 2014-cü ildə Yaponiyada qrip əleyhinə preparat kimi məhdud hallarda istifadəsinə razılıq verilib. Professor əlavə edib ki, 2020-ci ilin əvvəllərində bu preparat Yaponiya və Fransada qeydiyyatdan keçib:
"Qeydiyyata gec alınması eksperimentdə yüksək terotogen aktivliyə malik olması ilə əlaqədar olub. Dörd müxtəlif laborator heyvanları üzərində aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, Favipiravir embrionun inkişafını ləngidə və birinci trimestr müddətində onun ölümünə səbəb ola bilər. COVİD-19 pandemiyası zamanı ilk dəfə ondan 2020-ci ilin fevralında Çində, mart ayında Yaponiyada və İtaliyada, aprel-may aylarında Rusiyada sınaqdan keçirilib. Çinli mütəxəssislər onun effektivliyi haqqında bəzi fikirlər söyləsə də, bu preparatın COVİD-19 zamanı potensial aktivliyə malik olması fundamental tədqiqatlarda öz təsdiqini tapmayıb. Tədqiqatlar göstərir ki, Favipiravir koronavirus zamanı ən yaxşı halda yalnız simptomları yüngülləşdirə və temperaturu aşağı sala bilir. Odur ki, koronavirus zamanı bu preparat əsas müalicə vasitəsi sayılmır. Alternativ dərman maddələrinin olduğu və ya tapılacağı təqdirdə istifadəsi, ümumiyyətlə məsləhət görülmür".
Onun alternativi olan Remdesivir preparatına gəlincə, M.Qəniyev vurğulayıb ki, dərmanın klinik istifadəsinə razılıq verilməsindən xeyli əvvəl zərurət üzündən bir neçə kritik vəziyyətdə olan COVİD-19-a yoluxmuş xəstələr üzərində sınaqdan keçirilib və bəzi müsbət nəticələr alınıb:
"Düzdür, onun təsir mexanizmi Favipiravirə uyğundur, lakin düz təsirli antiviral preparatdır. Bu preparat da kauzal müalicə vasitəsi deyildir, farmakoloji fəallığı nisbi vahid kimi dəyərləndirilir və klinik sınaqları davam etdirilməkdədir. Tosilizumab isə ummunodepressiv aktivliyinə malik olan preparatdır. Ağır virus infeksiyalarının nəticəsi kimi meydana çıxan şok və hipoksemiyanın əsasında hipersitokinemiya (“sitokin fırtınası”) durduğuna görə, ilk dəfə Çində bu preparat ağır COVİD-19 xəstələrinin müalicə sxeminə daxil edilib.
Preparatın farmakoloji təsir xüsusiyyəti nəzərə alınmaqla, COVİD-19-un yalnız süni oksigen müdaxiləsi tələb edən ağır formaları zamanı istifadəsi göstəriş sayıla bilər. İmmunosupressiv təsirə malik olduğuna görə, xəstəliyin simptomsuz və zəif klinik əlamətlərlə keçən formaları, eləcə də profilaktik məqsədlərlə istifadəsi əks göstərişdir.
Arbidol preparatı yeni yaranan daha təhlükəli viruslara qarşı (məs. quş qripi və s.) affinliyi zəifdir. COVİD-19-un ağır formalarında immunomoduləedici təsirinə görə istifadəsi qəti əks göstərişdir. Yüngül və simptomsuz formalarında isə xüsusi müalicə sxemi tələb olunmadığına görə, əlavə effektləri baxımından bu preparatdan istifadə məsləhət görülmür. Arbidolun koronavirus zamanı istifadəsini ÜST də tövsiyə etmir. Oseltamivir isə prodərmandır və orqanizmdə aktiv metabolit- oseltamivir karboksilara çevrilərək, virusların səthi zülalı-neyramidaza ilə birləşir.
Neyramidaza virionlar tərəfindən hüceyrəyə daxil olmaq üçün istifadə edildiyindən, virusların orqanizmdə yayılmasının qarşısı alınır və preparatın antiviral təsiri meydana çıxır. Klinikaya qrip əleyhinə dərman maddəsi kimi tövsiyə olunub. Lakin hələ 2006-cı ildə aparılan tədqiqatlarda bu prepatın qrip əleyhinə təsirə malik olmadığı əsaslandırılmış və bu səbəbdən qrip zamanı istifadəsi məsləhət görülməyib.
Düzdür, COVİD-19 pandemiya şəklini alandan sonra, xüsusən onun qriplə ağırlaşan formalarında istifadə olunmaq üçün, hətta bəzi ölkələrin məsələn, Ukraynada klinik protokollarına daxil edildi.
Nəzərə alsaq ki, COVİD-19 hüceyrələrə neyramidaza vasitəsilə deyil, reseptor mexanizmlərlə daxil olur, bu halda oseltamivirin bu infeksiya zamanı effektivliyini düşünmək sadəlövhlük olar.
Digər tərəfdən, zəruri hesab etdiyim bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm ki, Hindistanda bu preparat Anvirom adı altında üç bitkinin ekstraktı ilə birlikdə qida əlavəsi kimi də buraxılır. Buna görə də belə bir qida əlavəsinə rast gəlsəniz və ya kimsə tövsiyə etsə, ondan istifadə etməyin.
Bütün bu dediklərim hazırda COVİD-19-un müalicəsində antiviral dərmanların istifadəsinə "stop" qoyulması demək deyildir. Sadəcə olaraq, bildirmək istəyirəm ki, antiviral preparatlardan yalnız və yalnız mütəxəssis-klinisistin tövsiyələri və təyinatı əsasında istifadə olunması zəruridir".