Həkim xəbərdarlıq edir
Çöpçü təzyiqlə üfürən zaman uşağın qulaq pərdəsi cırıla bilər
Çöpçülər kimlərdir? Çöpçüyə gedək, yoxsa yox? Bu sual nəinki sadə vətəndaşların, bəzən həkimlərin belə mübahisə obyekti olur, amma nə olur olsun insanlarımız və çöpçülərimiz öz işlərindədir. Yaxşı, bəs bu çöp həqiqətən varmı və yaxud doğrudan da uşağın boğazında qalırmı? Bunu elm birmənalı inkar edir.
Sualımızı cavablandıran həkim-fitoterapeft Füzuli Hüseynov "Şərq"ə açıqlamasında deyib ki, uşaqların bilmədən ağzına qoyduqları bərk hissəciklər çox nadir hallarda boğaza ilişib qala bilər. Həkim bildirib ki, çöpçü çox təzyiqlə uşağın burnuna üfürdüyü üçün sonra həmin yemək qırıntıları ilişib qalan kisəcik böyüyür və çöpcüdən asılı vəziyyətə düşürlər:
"Hələ bir təhlükəni də deyim. Burun dəliyi ilə qulaq arasında bir boru var, buna yevstax borusu deyirlər. Çöpçü təzyiqlə üfürən zaman uşağın qulaq pərdəsi cırıla bilər. Bəlkə də neçə dəfələrlə cırılıb bilməmisiniz. Yaxşı, bəs nə etməli?
Mən sizə təhlükəsiz bu işin həllini deyirəm. Əgər çöpdən şübhələnirsinizsə, axşam uşağın hər burun dəliyinə 5-6 damcı zeytun yağı tökün.
Səhər bir vedrə suyu isidin, bir dəfəyə yavaş-yavaş uşağın təpəsindən bir nöqtəyə tökün, uşağın çöpü öz-özünə gedəcək. Bununla da, çöpçü yanına getməyə ehtiyac qalmayacaq".