"Göz yorğunluğu xəstəliyi fasiləsiz işləməkdən qaynaqlanır" - Oftalmoloq Aynurə Hacıyeva


Aynurə Hacıyeva: "Televizor, kompüter və ən çox ziyanlı olan ağıllı telefonlardan istifadə edərkən diqqətli olmaq lazımdır"

"Biz yaxına baxarkən göz daxilində olan əzələlər artıq işləyərək yaxını görməmizi təmin edir. Bu nə qədər çox və fasiləsiz olarsa, əzələlər bir o qədər çox yorulur. Biz uzağa baxarkən əksinə, yığılmış əzələlər boşalır və istirahət edir"

Zəmanədəndir, həm də işimiz belə tələb edir. İndi hər kəs həm televizor, həm də kompüter qarşısında daha çox vaxt keçirir. Elektron cihazların gündəlik istifadə edildiyi dövrdə onların gözlərimizə vurduqları zərəri bəzən hesablaya bilmirik. Nəticə də həmişə eyni olur, görmənin zəifləməsi və əksər hallarda optik eynək taxmaq zərurəti.

Bəs maraqlıdır, görəsən, oftalmoloqlar bu mövzu haqqında nə məsləhət görürlər?

Suallarımızı "Medika Hospital" klinikasının oftalmoloqu Aynurə Hacıyevaya ünvanladıq:

- Son zamanlar uşaqlarda və gənclərdə hansı göz xəstəliklərinə daha çox rast gəlinir?

- Ən çox rast gəlinən göz xəstəliklərinə refraktiv qüsurlardır. Bu qüsurlar miopiya, hipermetropiya, astiqmatizm kimi 3 əsas qrupa ayrılır. Miopiya (yaxından görmə) zamanı uşaqlar yaxını yaxşı gördükləri halda, uzağı zəif görürlər. Hipermetropiya zamanı yaxını, astiqmatizm zamanı isə həm yaxını, həm də uzağı zəif görmə müşahidə olunur. Uşaqlarda heç bir şikayət olmasa belə, hər il göz müayinəsi aparılmalıdır. Bu məsuliyyət valideynlərin üzərinə düşür. 
Gözdə qaşınma, sulanma, göynəmə, ağrı, ikigörmə, çəpgözlük, gözləri qıymaq, televizora yaxından baxmaq, kitabı yaxından oxumaq - bunlar hamısı ilkin əlamətlərdir.
Refraktiv qüsurların vaxtında aşkarlanması çəpgözlük, ambliopiya (tənbəlgözlük) kimi tez-tez rastlaşdığımız ağırlaşmaların qarşısının alınması böyük əhəmiyyət kəsb edir. 

- Neçə yaşdan sonra göz əvvəlki görmə qabiliyyətini itirməyə başlayır?

- Məlumdur ki, gözümüzün içərisindəki büllur yaşla əlaqədar olaraq öz elastikliyini itirir və tədricən görmə qabiliyyəti azalır. Adətən bu proses 40 yaşdan sonra başlayır və presbiopiya adlanır. Presbiopiya yunanca “yaşlı göz” deməkdir. Bu proses patoloji deyil, fizioloji bir haldır. Əgər 40 yaşdan sonra yaxından işləyərkən tez yorulma, yazıb-oxumanın çətinləşməsi, qaşüstü nahiyədə, alında, hətta başda ağrılar olarsa, mütləq göz həkiminə müraciət etmək lazımdır. Bu zaman göz həkiminin təyin etdiyi eynəklərdən istifadə edərək gözə, xüsusən göz əzələlərinə düşən gərginliyi aradan qaldırmaq mümkündür.  

- Gün ərzində nə qədər telefon, kompüter arxasında vaxt keçirmək məqbuldur?

- Telefon, kompüter, planşet, qısa desək, qadjet istifadəsinə nə qədər çox məhdudiyyət qoysaq, bir o qədər yaxşıdır. 3, 4 yaşlı uşaqların görmə analizatoru tam inkişaf etmədiyi üçün qadjet istifadəsi məsləhət deyil. 5-10 yaş arası uşaqlar isə 2 saata qədər düzgün və səmərəli istifadə edə bilərlər. Ümumiyyətlə telefon, kompüterdən 4 saatdan artıq istifadə etdikdə, gözdə quruluq əmələ gəlir, həmçinin gözün əzələ sisteminə düşən gərginlik artır və göz yorğunluğu yaranır.

Bu zaman göz quruluğunun əsas yaranma səbəbi monitora uzun müddət, fasiləsiz baxarkən göz qırpma sayının azalmasıdır. Nəticədə göz yaşı buxarlanır və gözün ön səthi quruyur. Belə ki, qırpma zamanı gözlər təmizlənir və nəmlənir. Gözdə quruluq əlamətləri: gözdə yanma, göynəmə, qızartı, batma-yad cisim hissiyatı olarsa, ekrana bir qayda olaraq baxarkən zaman-zaman gözləri qırpmaq lazımdır. Bu da kömək etməzsə, göz həkiminin təyin etdiyi suni göz yaşı damcılardan istifadə etmək vacibdir.

- Göz yorğunluğunu aradan qaldırmaq üçün nə etməliyik?

- Göz yorğunluğu - Astenopiya - gözlərin uzun müddət, fasiləsiz işləməkdən qaynaqlanır. Xüsusən son dövrlər pandemiya ilə əlaqədar evdə daha çox oluruq. Televizor, kompüter və ən çox ziyanı olan ağıllı telefonlardan istifadə edirik. Onu qeyd edim ki, biz yaxına baxarkən göz daxilində olan əzələlər artıq işləyərək yaxını görməmizi təmin edir. Bu nə qədər çox və fasiləsiz olarsa, əzələlər bir o qədər çox yorulur. Biz uzağa baxarkən əksinə, yığılmış əzələlər boşalır və istirahət edir. Bu mexanizmi nəzərə alaraq 20-20 prinsipinə riayət etmək məsləhətdir. Bu prinsipə əsasən 20 dəqiqədən sonra 20 saniyə gözü monitordan ayırmaq, otaq içərisində uzaq məsafədəki əşyaya, yaxud pəncərədən uzağa baxmaq məqsədəuyğundur.

Göz yorğunluğu görmə zəifliyi kəskin nəzərə çarpmayan, kiçik dərəcəli refraktiv qüsuru olan insanlarda daha kəskin özünü büruzə verir (xüsusən hipermetrop və astiqmalarda). Elə buna görə də yaxın məsafədə işləyərkən göz yorğunluğu əlamətləri: gözlərdə sulanma, göynəmə, gözdə, başda olan ağrılar, iki görmə, bulanıq görmə və s. ortaya çıxarsa, həkim-oftalmoloqa müraciət etmək lazımdır. Bu zaman göz həkimin təyin etdiyi kiçik dərəcə belə olsa, eynək istifadəsi mütləqdir. 

- Sağlam görmə qabiliyyətini necə qorumaq olar?

- Sağlam görmə qabiliyyətini qorumaq üçün ilk növbədə qidalanmaya, yuxu rejiminə diqqət yetirmək, idmanla məşğul olmaq, ən azı ildə 1 dəfə göz həkimi müayinəsindən keçmək lazımdır. Gün ərzində qadjet istifadəsinə məhdudiyyət qoymaq, gün eynəklərindən istifadə etmək (günəşin UB şüalarından qorumaq üçün), zərərli vərdişlərdən - siqaret, alkoqol, bol şəkər, bol nişastalı, fast-foot tipli qidaların istifadəsinə son qoymaq ən önəmli addımlardan biridir.

Qidalanmaya fikir verək dedikdə görmə üçün xeyirli qidalardan söhbət gedir. Bura tərkibində vit A, C, E, Zn, lütein, zeaksantin, beta karotinlərlə zəngin qidalar aiddir. Bu qidaların əsasını yerkökü və suyu, portağal və suyu, balıq, balıq yağı, yumurta sarısı, yaşıl tərəvəzlər, xüsusi ispanaq, brokoli və s. təşkil edir.

Göz həkimi müayinəsi isə bir çox simptomsuz, heç bir şikayət olmadan inkişaf edən, məsələn, qlaukoma (el arasında “qara su” adlanır) kimi ağır göz xəstəliklərinin aşkar olunmasına kömək olur. Uşaqlarda isə zəif görmənin erkən aşkarlanması və vaxtında müdaxilə olunması üçün çox önəmlidir.

Belə bir nəticəyə gəlirik ki, çalışdığımız qədər elektron cihazlardan gözlərimizi qoruyaq. Vaxtlı-vaxtında göz həkimi müayinəsindən keçmək məsləhət görülür.

Zəminə Hüseynova