Ola bilər ki, Mərkəzi Qan Bankı da bu səbəbdən əhaliyə müraciət ünvanlayıb
Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib. Qan Bankından verilən xəbərə görə, qan ehtiyacları davamlı olduğundan hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb. Bankın vətəndaşlara müraciətində deyilir: "Qan ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etmək üçün sənə ehtiyacımız var. Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl".
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən həkim-nevroloq Qalib Əsədov bildirib ki, ümumiyyətlə, mənfi qan qrupuna tələbat hər zaman böyük olur: "İnsanların əksəriyyəti müsbət qan qrupuna malik olduğu üçün mənfi qan qrupuna ehtiyac daha çoxdur. Ola bilər ki, Mərkəzi Qan Bankı da bu səbəbdən əhaliyə müraciət ünvanlayıb. Qeyd edim ki, insanlar qan verərkən mütləq şəkildə müayinədən keçirlər. Bu dəfə qan verən şəxslər yalnız spid və hepatitlərdən deyil, o cümlədən də koronavirus infeksiyasından da yoxlanılacaqlar".