Diş ağrısı sinir sisteminə təsir edən ağrılardan biridir. Peşəkar stomatolojı yardım ala bilmədiyimiz halda, məsələn gecə, şəhərdən kənar yerlərdə diş ağrısı ilə mübarizə aparmaq lazım gəlir. Bu zaman ev şəraitində müxtəlif üsullardan istifadə etmək effektiv ola bilər. Hər iki saatdan bir ağzın duz məhlulu ilə qarqara edilməsi diş ağrılarının azalmasında effektiv hesab olunur. Adaçayı otunun dəmləməsi ilə qarqara da təsirli üsullardandır. Dəmləməni 30 saniyə ərzində ağızda xəstə diş tərəfdə saxlamaq lazımdır.
Bundan ələvə digər dəmləmələrdən də istifadə edilə bilər: Bir çay qaşığı adaçayı, bir çay qaşığı çobanyastığı, iki çay qaşığı nanə və iki çay qaşığı palıd qabığı. Həmçinin xarab dişin oyuğuna bir dənə mixək, kamfara spirtində və ya valeryan damcılarında isladılmış steril pambıq qoymaq effektivdir.
Diş ağrısından xilas olmağın ən yaxşı üsulu - keyfiyyətli və müasir diş pastaları ilə dişlərin gündə 2 dəfə düzgün təmizlənməsi və ildə 2 dəfə olmaqla stomatoloqun müayinəsindən keçməsidir.
Bəs, diş ağrılarının yaranmasının əsas səbəbi nədir?
Həkim-stomatoloq Mehman İsmayılov “Sherg.az”a bildirib ki, kəskin diş ağrıları dişlərin çürüməsi, infeksiya, qulaq ağrıları və yaxud da çənə travmaları ilə nəticələnir:
“Çənə və damaq xəstəlikləri, travmalar, dişlərin mexaniki zədələnməsi də ağrılara səbəb ola bilər. Əksər hallarda ağrılar diş ətinin zədələnməsi və ya iltihabı zamanı baş verir.
Plomblama texnologiyasının pozulması, diş minasının zədələnməsi, diş boynunun açılması da ağrılar yaradır. Bəzən diş ağrıları altında digər xəstəliklər “maskalanır”. Məsələn, çənə oynaqlarının xəstəlikləri zamanı diş ağrısına bənzər bir hiss ola bilər”.