"Vaksinasiyadan qorxmaq və əks təbliğatın aparılması yolverilməzdir" - Professor 

"Çalışın və birlikdı çalışaq ki, bu bəlanı birdəfəlik tarixə qovuşduraq"

 “Sosial şəbəkələrdə bəzi insanlar vaksinasiyanın zərərli, hətta faciəli nəticələrə səbəb ola biləcəyi haqqında çıxışlar, paylaşımlar edirlər. Onlar bunu yaymaqla, onsuz da əsəbləri tükənmiş insanlar arasında əlavə qorxu, gərginlik və ruhi sarsıntı yaradırlar.
Hətta həyat amalı və peşəsi insanlara sağlamlıq bəxş etmək olan bəzi həkim və ziyalılar belə COVİD-19 əleyhinə vaksinə şübhə ilə yanaşırlar. İstəyirəm biləsiniz və tam rahat olasınız ki, hazırda tövsiyə olunan COVİD-19 əleyhinə vaksinlərdən heç biri, alınma mənbəyi, alınma yolu və istehsalçısından asılı olmayaraq, fəsad və xüsusi müdaxilə tələb edən ciddi arzuolunmaz əlavə effektlərə səbəb ola bilməz” .

Sherg.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. M.Qəniyevin sözlərinə görə, vaksinasiya zamanı xüsusi diqqət tələb edən əlavə effektlərin minimal olmasının əsas şərti, şübhəsiz ki, vaksinin sterillik və təmizlik dərəcəsidir:



”Müasir texnologiya ilə hazırlanan COVİD-19 əleyhinə vaksinlərdə bunun nəzərə alınmaması, praktik olaraq qeyri-mümkündür. Odur ki, vaksinasiyadan qorxmaq və əks təbliğatın aparılması yolverilməzdir. Sadəcə hazırda yeganə məqsəd kimi, yalnız vaksinasiyanın kütləviliyi və ödənişsiz olunmasına çalışmaq lazımdır. Vaksinasiyanın guya zərərli ola bilməsi haqqında, bəzi əcnəbi mütəxəssis “alimlərin” apardığı təbliğat, ilk növbədə onun kütləviliyinə yol verməmək, yəni kapitalizm cəmiyyətinə xas olan spesifik xüsusiyyətlə- birbaşa maddiyyatla bağlı bir haldır. Zaman keçəcək və bütün dünyada vaksinlər özəl şirkətlərə həvalə olunmaqda, əsasən ödənişli aparılacaq. Bu halda sosial faciə və ümidsizlik yenə də tibbi sığotası oturuşmayan ölkələrdə yaşayan insanların payına düşəcək. Bax onda, artıq əks təbliğat mexanizmi işə düşəcək və digər vaksinlər kimi COVİD-19 əleyhinə vaksin də “Panaseya” statusu alacaqdır. Yəni bu tarixlər boyu mövcud olmuş təbliğat mexanizmidir. Bundan baş çıxarmaq üçün, heç dərin düşünmək belə lazım deyil. Sadəcə hər birinizin evinizdə olan körpə uşaqlara aylar üzrə Dövlət Uşaq poliklinikalarında ödənişsiz vurulan peyvəndlərin ümumi siyahısına və müxtəlif özəl müəssisə və apteklər şəbəkəsində bu peyvəndlərin qiymət fərqinə və fantastik satış qiymətlərinə baxın. Məlum səbəbdən istər təbliğat, istərsə də təşviqatla şüuraltı inandırılan insanların bu reallıqları bilməsi lazımdır. Odur ki, mütləq vaksinasiya olunun və onun bütün vətəndaşlarımıza əlçatan olmasına çalışın. Çalışın və birlikdı çalışaq ki, bu bəlanı birdəfəlik tarixə qovuşduraq. Tarixə qovuşduraq ki, gələcəkdə yalnlz tarix kimi xatırlansın, davam edən faciə kimi yox”.