Vaksinə etimad niyə azdır? - Çipləşmə xofu var - Realdırmı? 

“Amma COVİD-19 pandemiyasından yeganə çıxış yolu vaksinasiyadır”

“Hər kəsi şübhə etmədən vaksinasiyaya çağırıram!”


18 Yanvar 2021-ci il tarixdən ölkəmizdə koronavirus əleyhinə vaksinasiya proqramına başlanılıb. Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğu və müşahidələr cəmiyyətdə peyvəndləməyə dair müxtəlif fikirlərin olduğunu göstərir. Vaksinasiya ilə bağlı birmənalı ictimai mövqenin olmaması kütləvi vaksinasiyanın qısa zaman ərzində uğurlu icrası haqqında müəyyən fərqli fikirlər yarada bilər. 

Sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında telefonla aparılıb. Sorğuda təsadüfi üsulla seçilmiş 1200 respondent iştirak edib.  Respondentlərin 58.3 faizi peyvənd olunacağı təqdirdə bunun mənfi təsirinin olacağını düşünür.  



Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlum sorğunun nəticələri barədə “Sherg.az”a danışıb:

“Keçirilən sorğu nəticəsində məlum olur ki, Azərbaycanda vətəndaşların böyük hissəsi COVİD-19 virusuna qarşı vaksinasiya olunmağa tərəddüd edir. Onların az hissəsi yenə də çipləşmə kimi cəfəng fikirlərdədir, böyük əksəriyyəti isə vaksinin yan təsiri olmasını düşünür. Dünya bundan öncə də ağır gedişatlı və öldürücü viruslar ilə üz-üzə qalıb. Tarixə nəzər salsaq, bir çox xəstəliklərin qarşısının kütləvi alınmasında məhz vaksinasiya böyük rol oynayıb”.

Assosiasiya sədrinin sözlərinə görə, cəmiyyətdə belə bir fikir var ki, COVİD-19 virusu yenidir və bu qədər tez bir zamanda vaksinin icad edilməsi şübhəli və təhlükəlidir:

“Hazırda XXI əsrdə yaşayırıq və yüksək texnologiyalar dönəmidir. Vaksinin tez bir zamanda icad edilməsində məqsəd odur ki, dünya alimləri səfərbər olaraq bu virusun qarşısını almaq məqsədi ilə bütün biliklərini və imkanlarını ortaya qoyublar. Əslində çox şanslıyıq ki, məhz 21- ci əsrdə bu virusla qarşılaşdıq, əks halda vəziyyət qat-qat acınacaqlı ola bilərdi.

Ölkəmizə gəldikdə isə dövlətimizin əsas məqsədi tez bir zamanda virusa yoluxma riskini aradan qaldıraraq, vətəndaşların normal həyata qayıtmasını təmin etməkdir. Azərbaycana gələn vaksinlərin təhlükəsizliyi həm Türkiyə dövlətində laborator şəraitində yoxlanılır, həm də ölkəmizin xüsusi diqqəti altındadır.

Vətəndaşlarımıza müraciət edərək qeyd etmək istəyirəm ki, COVİD-19 pandemiyasından yeganə çıxış yolu vaksinasiyadır. Hər kəsi şübhə etmədən vaksinasiyaya çağırıram!”.