Dünyada 128 milyon nəfərə COVİD-19 əleyhinə vaksin vurulub


Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı  ölkələrin sayı 73-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında hazırladığı infoqrafikada qeyd olunub.

Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən bütün dünyada 128 milyon nəfərə COVİD-19 əleyhinə vaksin vurulub, gündəlik vaksin olunanların sayı isə 4,69 milyon nəfərə çatıb.

Məlumatda qeyd olunub ki, ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 40.5 milyondan çox insana peyvənd vurulub ki, bu da əhalinin təxminən 12.3%-i edir. Ötən həftənin göstəricilərinə əsasən ABŞ-da gündəlik 1.43 milyon nəfərə peyvənd vurulub.

Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində 31.2 milyon (2.23%), Avropa İttifaqında 15,5 milyon (3.72%), Böyük Britaniyada 11.9 milyon (17.9%) nəfərə peyvənd vurulub.

Vaksin edilənlərin əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə isə İsraildir. Bu ölkədə artıq 5.4 milyon nəfərə peyvənd vurulub ki, bu da ümumi əhalinin 59.9%-ni təşkil edir.