Kompüter həyatımızın ayrılmaz hissəsinə çevrilib. Təəssüf ki, bu texnoloji alətin sağlamlığımıza bir çox mənfi təsiri var. Mütəxəssislərin qənaətincə, uzun müddət oturma “ölü omba” sindromuna yol açır. Metabolizma 30 dəqiqəlik oturma müddətindən sonra 50 faiz daha yavaş işləməyə başlayır. Buna görə də çox oturmaq yağlanmaya və çəki artmasına səbəb ola bilər.
Kompüter arxasında düzgün oturmamağın yaratdığı fəsadlarla bağlı “Sherg.az”a danışan həkim-fizioterapevt Südabə Əliyeva bildirib ki, uzun müddət oturmaq ürək xəstəliklərini 50-80 faiz artırır:
“Əzələlər hər zaman işlək, onurğa sütunundakı fəqərəarası disklərin hamısı elastik olmalıdır. Onurğa sütunu oturaq həyatı sevmir, hərəkətdə olmaq lazımdır. Kompüter arxasında oturan şəxslər onurğa sütununda olan sıxılmaların qarşısını almaq üçün hər 35-45 dəqiqədən bir gəzişməli və yaxud gimnastik hərəkətlər etməlidirlər. Kompüter arxasında oturarkən kresloda əyləşmək düzgün deyil. Çünki həmin kreslolarda əyləşən zaman iki döş fəqərəsi də önə əyilərək fəsadlar yaradır. Hətta bəzən pasient gələndə onun sağ və sol döş qəfəsində kresloların yeri görünür. Bu da əlbəttə ki, boyun yırtıqlarına, döş fəqərəsində olan yırtıqlara, ən əsası bel fəqərəsində olan fəqərəarası disk yırtıqlarına gətirib çıxarır. Ona görə kompüter stulunun söykənəcəyi düz olmalıdır”.
Həkim qeyd edib ki, kompüter qarşısında düzgün oturmamaq yalnız bel ağrılarına deyil, həm də gözlərə ciddi sürətdə mənfi təsir göstərir:
“Peşəsi ilə əlaqədar olaraq uzun müddət kompüter qarşısında əyləşən şəxslər kompüterdən ən azı 70 sm aralıda əyləşməli və hər yarım saatdan bir 10 dəqiqə gözlərə fasilə verməlidirlər. Kompüterlə işləyən zaman gözlərin ağrımaması üçün otağın işıqlandırılması da önəmli faktorlardan biridir”.