Pandemiya ilə bağlı vəziyyət tam nəzarət altındadır

"Mübarizənin Azərbaycan nümunəsi cəlbedici və spesifik model kimi beynəlxalq arenada diqqət mərkəzində saxlanılır"


"XX əsrin üçüncü onilliyində bəşəriyyət olduqca mürəkkəb situasiyanın fonunda yeni qlobal çağırışla üzləşib. Daha dəqiq desək, yeni növ koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılaraq ölkələri cənginə alması ciddi qlobal problemlərin və qeyri-müəyyənliyin meydana çıxmasına səbəb olub. Bir çox inkişaf etmiş dövlət səhiyyə böhranı və sosial-iqtisadi problemlərlə üz-üzə qalıb. Ona görə də pandemiya şəraitində qlobal təşəbbüslərin irəli sürülməsi, səylərin birləşdirilməsi ehtiyacı meydana çıxıb”. 

Bu fikirləri “Şərq”ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər ölkəmizdə vəziyyəti nəzarət altında saxlamağa imkan verib. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib:

"Koronavirus pandemiyasının müşahidə edildiyi dönəmdə Prezident İlham Əliyev tərəfindən qlobal əhəmiyyətə malik təşəbbüslər irəli sürülüb. Regional və beynəlxalq səviyyədə resursların səfərbər olunması zərurəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Dövlət başçısı Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı zamanı "Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir" -deyə bildirdi. Ümumiyyətlə, ölkəmizin mütərəqqi ideya və təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşünün, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, Qoşulmama Hərəkatının Zirvə görüşündə COVID-19 ilə mübarizə ilə bağlı üzv dövlətlərin humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi də bu kontekstdə müstəsna əhəmiyyətə malikdir. Heç şübhəsiz, Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüslərlə çıxış etməsi qlobal strateji önəm daşıyır. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi sosial və maddi problemlərlə üzləşmiş ölkələrə əl uzatması, 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərməsi, beynəlxalq təşkilatlara, o cümlədən ÜST-yə 10 milyon dollar məbləğində könüllü ianə verməsi və digər faktlar xüsusi qeyd edilməlidir. Bütün bunlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bütövlükdə, koronavirus pandemiyası ilə mübarizənin Azərbaycan nümunəsi cəlbedici və spesifik model kimi beynəlxalq arenada diqqət mərkəzində saxlanılır”.