Azərbaycan ABŞ-a neft məhsullarının ixracatını azaldıb

Ona görə iki ölkə arasında ticarət dövriyyəsi kəskin aşağı düşüb

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 335,5 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 53 faiz daha azdır. Bu barədə "Trend"ə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Göstərilən dövrdə Azərbaycanın ABŞ-a ixracı 23,056 milyon dollar (3,8 qat artım), ABŞ-dan idxal isə 153,298 milyon dollar (13 faiz azalma) təşkil edib. Yanvar-aprel aylarında Azərbaycan ABŞ-a 23,014 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. ABŞ-a qeyri-neft məhsulları ixracının Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracındakı payı 3,3 faiz təşkil edib.


Ümumilikdə, yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracı 697,027 milyon dollar təşkil edib. 2020-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 24,47 milyard dollar təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 26,5 faiz daha azdır. Xarici ticarət dövriyyəsinin strukturunda ixrac illik müqayisədə 30 faiz azalaraq 13,74 milyard dollar təşkil edib. İxracın il ərzində xarici ticarət dövriyyəsindəki payı 2,81 azalaraq 56,15 faizə düşüb. Azərbaycan idxalı 2019-cu illə müqayisədə 21,5 faiz azalaraq 10,73 milyard dollar təşkil edib. Xarici ticarət dövriyyəsində idxalın payı 2,81 faiz artaraq 43,85 faizə çatıb.

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin yarıdan çox azalmasının səbəbləri barədə danışıb. İqtisadçı vurğulayıb ki, azalmanın əsas səbəbi keçən il bundan öncəki illərə nisbətən Azərbaycanın Amerikaya neft və neft məhsullarının ixracatının azalmasıdır:

"Çünki ötən illərdə çox az bir həcmdə də olsa Amerikaya müəyyən dərəcədə neft satışı həyata keçirilirdi. Keçən il neftə olan tələbatın kəskin düşməsi və Azərbaycanda da hasilatın azalması bu həcmlərin də azalması səbəb oldu. Nəticə etibarilə də ticarət dövriyyəsində azalmalar müşahidə olundu. Təbii ki, bunun siyasi amillərlə heç bir əlaqəsi yoxdur. Yəni həm pandemiyanın, həm də Azərbaycanın əsas ixrac məhsulu olan neftlə bağlı əməliyyatların coğrafiyasının bir az dəyişməsi belə bir şəraitin yaranmasına və ticarət dövriyyəsinin azalmasına səbəb olub".