AQTA-nın məlumatı xəbərdarlıqdır


Azərbaycan xəstəlik var deyə bir çox ölkələrdən ət məhsullarının alınmasını dayandırıb

Fuad İbrahimov: "Hamımız istərdik ki, Azərbaycanın kənd təsərrüfatı, o cümlədən də heyvandarlığı elə bir səviyyəyə gəlib çatsın ki, ixrac asılılığından xilas olsun"


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İsrailin Şimal, Mərkəz dairələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Rusiyanın Yaroslavl vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Kot-d'İvuarın Komoe rayonunda, Benin Respublikasının Veme inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, İspaniyanın Estremadura muxtar icmasında süngərvari ensefalopatiya xəstəliyi, Rusiyanın Xantı-Mansi muxtar dairəsində Nyukasl xəstəliyi qeydə alınıb. İsrailin Şimal və Mərkəz dairələrindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, İspaniyanın Estremadura muxtar icmasından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiyanın Yaroslavl vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, genetik materialların, Kot-divuarın Komoe rayonundan, Benin Respublikasının Veme inzibati ərazi vahidindən və Rusiyanın Xantı-Mansi muxtar dairəsindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail, Rusiya, İspaniya, Kot-divuar, Benindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub. 
Maraqlı olan budur ki, ölkəmizdə kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafı üçün münbit zəminlər olduğu halda niyə ixraca üstünlük verilir. Niyə biz Kot-divuardan diri quş, quş əti, damazlıq yumurta, hansısa başqa ölkələrdən diri xırda buynuzlu (iribuynuzlu hardasa başa düşüləndi –red.) heyvan almalıyıq? 

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, kənd təsərrüfatının, o cümlədən də heyvandarlığın inkişaf etdiyi bir çox ölkələr dünya bazarına kifayət qədər  ucuz, lakin keyfiyyətli ətlik məhsul çıxara bilir. İstər konservləşdirilmiş, istərsə də dondurulmuş halda. Və alıcı tapırlar:

- Ticarət işləri hazırda əsasən internet üzərindən, onlayn qaydada aparılır. İnternetdə hər bir məhsul barədə kifayət qədər məlumat var, şirkətlər, onların təklif etdiyi məhsul və qiymətlər də göstərilir. Rəsmi şəbəkələr məhsul barədə məlumat verməyi ticarət qaydası olaraq qəbul edir. Dünyada tanınmış ixracatçılar xəstəliklər barədə də məlumat verməyi özlərinə borc bilir və bu məlumatları internet üzərindən paylaşırlar. AQTA-nın yaydığı məlumat da xəbərdarlıq xarakteri daşıyır. Bu məlumatın yayılması o demək deyil ki, Azərbaycan bu ölkələrdən həmin məhsulları alır, lakin indi xəstəlik var deyə, idxalı dayandırır. Sadəcə, bu, məlumat xarakterlidir ki, bu ölkələrdə heyvanlar arasında xəstəlik var və ehtiyatlı olmaq lazımdır. 

F.İbrahimov ət-sümük unundan, eləcə də müxtəlif genetik materiallardan emal prosesində istifadə edildiyini bildirdi:

-  Məsələn, İsraildə kəsilmiş heyvanların sümükləri atılmır. Sümüklər üyüdülür və ondan qida sənayesində, hətta səhiyyədə də istifadə edirlər. Bilirsiz ki, xırda və ya iri buynuzlu heyvanların sümükləri kalsium mənbəyidir.  Digər genetik materiallar da həmçinin, müxtəlif emal proseslərində istifadə üçündür.  Hazırda müəssisələr, şirkətlər heç nəyi atmaq istəmir, hər şeydən istifadə etməyə, gəlir əldə etməyə çalışırlar. Əlbəttə, hamımız istərdik ki, Azərbaycanın kənd təsərrüfatı, o cümlədən də heyvandarlığı elə bir səviyyəyə gəlib çatsın ki, ixrac asılılığından xilas olsun. Amma hələ ki, belə bir vəziyyət yaranmayıb. Ona görə hökumət də, sahibkarlar da ucuz, lakin keyfiyyətli məhsul axtarışındadırlar.