Qubada üçəm doğulub

Uşaqlar sərbəst nəfəs alır, laborator göstəriciləri yaxşıdır

Həkim-ginekoloq Fəxranə Hüseynzadə isə deyir ki, 2-dən artıq körpənin olmasına analar sevinir, həkimlərsə yox


Quba Regional Perinatal Mərkəzində üçəm doğulub. "Report"un məlumatına görə, Şabran şəhər sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır. Həkimlər bildirib ki, hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır: "Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub".

“Əsasən əkizlər normal hamiləliklə dünyaya gəlir. 2-dən artıq -  üçəmlər, dördəmlər… adətən süni mayalanmanın nəticəsi olur”. Bu sözləri “Şərq”ə açıqlamasında həkim-ginekoloq Fəxranə Hüseynzadə dedi. Ginekoloq qeyd etdi ki, 2-dən artıq körpənin olmasına analar sevinir, həkimlərsə yox:
- Bunun səbəbi 2-dən artıq dölün olduğu hamiləliyin ananın həyatı üçün risk daşımasıdır. Əkiz övlad, üçəm, dördəm, bəzən hətta bir hamiləlikdə daha artıq 5-6 körpənin dünyaya gəlməsinə analar sevinir. Həkimlərsə bu cür halları adətn sevmir, xoşlamır.  Çünki bir neçə körpədən hansısa hamiləlik dövründə tələf olur. Ananın sağlamlığı üçün də təhlükə yaranır. Həkimlər daha çox ananın sağlamlığını düşünür. Heç indiyədək eşitmisinizmi ki, hamiləlik və ya doğuş zamanı ananın həyatına təhlükə yarandıqda, həkim “körpəni istəyirsiniz, yoxsa ananı?” deyə sual etsin. Hər bir həkim üçün arzuolunmaz və hədsiz çətin, ağır belə bir durumda həkimlər ilk növbədə ananın həyatını xilas etməyə çalışır. Və “körpə və ya ana” seçimi qarşısında qaldıqda  ananı seçirlər. Biz həkimlər bu reallıqları və baş verə biləcək təhlükələri bilirik deyə, 2-dən artıq yumurta mayalanması hadisəsinə sevinmirik. Bu cür hamiləliklərdə problemlər çox olur. Analıq orqanlarının çoxsaylı dölləri daşımaq və dünyaya gətirmək imkanları məhduddur. Bəzən uşaqlıq orqanı bu cür hamiləlikləri başa çatdıra bilmir. Nəticədə erkən, vaxtından əvvəl doğuşlar,  körpələrdən hansınınsa tələf olması baş verir. Həkimlər bəzən ana bətnindəki körpələrdən birini süni yolla tələf etmək məcburiyyətində qalır.  Bu halda heç vaxt cinsə görə seçim aparılmır, ən zəif çəkiyə malik döl tələf edilir. Hamiləliyin 8-10-cu həftəsində. Yenə də ananın həyatına yaranmış təhlükənin aradan qalxması və digər döllərin normal dünyaya gəlməsi üçün. Bir sözlə, çoxdöllü hamiləliklər risklidir.

Ginekoloq qeyd etdi ki, süni mayalanmaya sonsuzluq problemi ilə üzləşənlər müraciət edir. Bu zamansa, ehtiyat üçün bəri başdan 2-3-4 yumurta mayalandırılır ki, hansısa mayalanmasa, biri və ya ikisi mayalansın. Ona görə də süni mayalanmada 1, 2 və daha artıq körpənin dünyaya gəlməsi də gözləniləndir:

- Bu körpələrin fərqli çəkidə dünyaya gəlməsi normal haldır. Körpədə başqa anomaliya yoxdursa, çəki azlığı problem deyil.  Problem erkən doğulanlarla bağlı yaşanır. Bəzən belə körpələrdə müxtəlif beyin problemləri ortaya çıxır. Beyindaxili yüksək təzyiq, beyinə qansızma… Problemli körpələr küvəzə yerləşdirilir, riskli müddəti keçirdikdən sonra adi şəraitdə saxlanılırlar. Çəkisi az körpənin böyüdükcə hansısa problemlə, hansısa xəstəliklə qarşılaşacağını düşünmək də əsassızdır. Qüsurlu körpələr genetik anomaliyalar nəticəsində dünyaya gəlir. İstər süni mayalanma olsun, istərsə də təbii hamiləlik, qadının yaş dövrü əsas göstəricidir. 35 yaşdan yuxarı qadınlarda problemli hamiləlik və qüsurlu körpələrin dünyaya gəlməsi riski ikiqat çoxdur. Məsələn, 35 yaşdan yuxarı qadınların dünyaya gətirdiyi körpələrdə son zamanlar DAUN sindromu müşahidə edilir. Problemlər yaşa görə yaranır, süni və ya təbii hamiləliyə görə deyil.