“COVİD-19”a  qrip statusu verilir 

Qarşıdakı illərdə koronavirus idarəolunan xəstəliyə çevriləcək

Koronavirusa qarşı təsdiqlənən ilk peyvəndin – “Pfizer”in istehsalçısı “BioNTech” şirkətinin qurucularından olan türkiyəli alimlər doktor Özlem Türeci və doktor Uğur Şahin yoluxucu xəstəliyin gələcəyi ilə bağlı açıqlama veriblər. Ö.Türeci “koronavirus daha bir neçə il davam edəcək, onunla mübarizə aparmalı olacağıq. Lakin qarşıdakı illərdə koronavirus idarəolunan xəstəliyə çevriləcək”, söyləyib. Virusun davamlı mutasiyaya uğramasına toxunan professor, doktor Uğur Şahin isə “hazırda əlimizdə olan peyvəndi dəyişdirməyə ehtiyac yoxdur”, deyib. 

Alim qeyd edib ki, koronavirus haqqında, həmçinin virusun peyvəndə necə reaksiya verdiyi barədə hər gün yeni bir şey öyrənilir: 

“Pandemiyanın nə zaman sonlanacağını müəyynələşdirmək üçün bu bilgilərə ehtiyacımız var. Hazırda bunu söyləyə bilərəm ki, yavaş-yavaş vəziyyət normallaşır. 

Virusla necə mübarizə aparmalı olduğumuzu öyrənirik. Əhalinin böyük əksəriyyətinin immunsistemi güclü olduğu üçün daha rahat, sərbəst hərəkət edə biləcəyimiz normal vəziyyət yaranacaq. Əlbəttə, daha bir neçə il virusla çarpışacağıq. İllər keçdikcə koronavirus əhalinin hər il və ya 2 ildə bir dəfə peyvənd olunduğu adi qrip virusu statusu qazanacaq”. Professor U.Şahin koronavirusun yeni ştamları üçün peyvənd istehsalının mümkün ola biləcəyini də deyib.