Kağız stəkanlar: əslində kağızdan deyil!


Onların istehsalında plastik maddələrdən istifadə edilir

Əksəriyyətin, xüsusən, səyahətlər, gəzintilər, “dəyirmi masa”, konfranslar, təqdimatlarda istifadə etdiyi, “birdəfəlik” və bir nəfərlik kimi tanıdığımız kağız-karton su bardaqları əslində kağızdan istehsal edilmir. Onların istehsalında plastik maddələrdən istifadə edilir. Bu barədə Türkiyə mediasında məlumat yer alıb. Məlumatda təkrar emala cəlb edilə bilən tullantılar arasında kağız bardaqların təkrar emala yaramadığı qeyd edilir. 

“Milliyyet.com.tr”də yer alan məlumatda bildirilir ki, 2019-cu ildən plastik paketlərə tətbiq edilən qadağa onların istifadəsini 75 faizədək azaldıb. Bununla da minlərlə ton plastik tullantının yaranmasının qarşısı alınıb. Tullantıların təkrar emalında müsbət irəliləyişə nail olunub. Lakin hər məişət tullantısının təkrar emalı mümkün deyil. Bu sıraya kağızdan istehsal edildiyini düşündüyümüz su bardaqları da aiddir. Çünki onların istehsalında plastik materialdan istifadə edilir. Bardaqların üzəri kağızla örtülü olsa da, iç hissəsi plastmas materialdandır. Bu isə “kağız” bardaqların orqanizm üçün heç də təhlükəsiz olmadığı anlamına gəlir. Eləcə də bir dəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl-qaşıq və boşqablar da təkrar istehsala yaramırlar. Onları zibil qutularına atmasanız yaxşıdır. Bu əşyalar təkrar emal prosesindən kənar qalır.