Boyunlarından şəkillərini asıb küçə ilə dolaşdırırlar


Karantin qaydalarını pozanlara qarşı ictimai qınaq üsuluna əl atılıb

Koronavirusun Vətəni Çindən heyrətli fotolar paylaşılır. Dünya yenə “donub qalıb”. “Şərq” xarici mediaya istinadən bildirir ki, Çinin Jingxi şəhərində karantin qaydalarına saymaz yanaşanlara, qaydaları pozanlara qoruyucu xüsusi libaslar geyindirilib və onlar öz fotoları boyunlarında asılı vəziyyətdə küçələrdə dolaşdırılıb. Şəhər idarəçiləri bu addımı son zamanlar COVİD-19-un “Omicron” variantının sürətlə yayılmasıyla izah edir. 

Dünya Səhiyyə Təşkilatı “Omicron” variantının özüylə gətirdiyi yeni yoluxma dalğasını “tsunami” adlandırıb. DST-nin rəhbəri deyib ki, “Omicron”la “Delta”ya artıq əkiz variantlar kimi baxılır. Bu iki variantın birlikdə yayılması isə dünya üçün əsl tsunami fəlakəti ola bilər. Son günlərdə Avropa ölkələri və ABŞ-da “Omicron”a yoluxma sayında kəskin artım müşahidə edilir. Lənətə gəlmiş koronavirusun Vətəni Çindən isə ürküdücü görüntülər yayılır. Çin hökuməti yoluxmanın qarşısını almaq üçün şəhərlərə giriş-çıxışı bağlayır, evə qapanmaları məcburi edir, bununla da kifayətlənməyərək karantin qaydalarına saymazyana yanaşan, qaydalara riayət etməyənlərə qarşı ictimai qınaq üsuluna əl atır. Bu üsullardan biri də “utanc yürüşüdür”. 

Bu, qayda pozucularının ictimaiyyət qarşısında ifşa edilməsidir. Belə adamlar xüsusi qoruyucu libas geyindirilərək, fotoları da boyunlarından asılmış halda polisin müşayiəti ilə küçələrdə dolaşdırılır.  

Küçədə dolaşdırılanlar arasında cəza alan 4 nəfər də var. Bu adamları silahlı polislər müşayiət edir. Utanc tablosundan görüntülər sosial şəbəkələrdə də yayılıb və dünyada böyük əks-səda doğurub. Çin hökumətinin bu addımını insan haqlarına həqarət hesab edənlər də var. 

Qeyd edilir ki, Çində utanc yürüşləri 2010-cu ildən qadağan edilib. Lakin bəzi yerli icra orqanları qadağaya əməl etmir, əksinə tətbiq edir.