Uşaqlara alça və çiyələk verməyin


Reyhan Bayramova: "İnsanlar hər meyvəni öz yetişdiyi dövrdə qəbul etsələr daha yaxşı olar"

Pediatr Vaqif Qarayev hazırda satışda olan alça və çiyələyin uşaqlara verilməməsi ilə bağlı valideynlərə xəbərdarlıq edib. Bu barədə özünün şəxsi feysbuk hesabında post paylaşan pediatr yazıb ki, uşaqlarda mədə-bağırsaq pozğunluğu yaradır. Bu cür şikayətlərin çoxaldığına diqqət çəkən V. Qarayev hesab edir ki, tərkibinə kimyəvi maddələr vurulan bu meyvələri körpələrə verməsək yaxşıdı. 

Pediatr Reyhan Bayramova isə  "Şərq”ə açıqlamasında mövsümündə yeyilən  çiyələk və alçanın uşaq  orqanizminə heç bir ziyanı olmadığını deyib.
Onun sözlərinə görə, mövsümündən əvvəl satışa çıxarılan meyvələr təbii yolla yetişdirilmir. Onların tərkibinə istixana şəraitində müxtəlif kimyəvi maddələr vurulur. Alça və çiyələk vaxtında yetişdiyi zaman uşaqların inkişafı üçün çox faydalıdır:

"Əslində bu təkcə alça və çiyələyə yox, bütün meyvə və tərəvəzlərə aiddir. İnsanların əksəriyyəti meyvənin kimyəvi tərkibinə fikir vermir. Çox az adam meyvənin kimyəvi tərkibini öyrənir, onun hansı vitaminlər və elementlərlə zəngin olmasını araşdırır. Digər insanlar isə meyvələri dad xüsusiyyətlərinə görə qəbul edirlər.  Alça və çiyələk bizim sevdiyimiz və  öyrəşdiyimiz meyvələrdəndir. Dad xüsusiyyəti insanların xoşuna gəlir, ona görə də bu meyvələri  qəbul edənlər çoxdur.  Digər meyvələr kimi alça və çiyələyin də insan orqanizmi üçün faydaları çoxdur. Amma onların da qəbul olunma qaydaları var. Meyvə-tərəvəz qəbulu xüsusilə yay fəslində faydalıdır. Ümumiyyətlə, insanlar hər meyvəni öz yetişdiyi dövrdə qəbul etsələr daha yaxşı olar. Süni və vaxtından öncə yetişmiş meyvələrin qəbuluna meyl göstərmək lazım deyil. Ökəmizdə alça yetişir, yəni genetik modifikasiya olunmuş meyvə deyil. Bu baxımdan onun qəbulu ancaq faydalıdır”.
Pediatrın sözlərinə  sözlərinə görə, C vitamini qaynağı olan çiyələk  həm də orqanizmi toksinlərdən qoruyur, diş ətlərini də gücləndirir: “ Uşaqlara çiyələk vermək məsələsinə gəldikdə isə ehtiyatlı olmaqda fayda var.  Adətən çiyələk allergik məhsul kimi təqdim edilir və bu səbəbdən uşaqlara verilməsinə ehtiyatla yanaşılır. Ən çox da allergiyaya meylli uşaqlara çiyələk tövsiyə olunmur.
Bağırsaqda, mədədə reaksiya, öskurəyin tətiklənməsi, dəri problemlərinin alovlanmasına rəvac verə bilər”.