Maskanın ləğv olunması yoluxma sayını artırmayacaq


Koronavirus artıq epidemiya formasında deyil, mövsümi virus infeksiyası şəklində olacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge bildirib ki, COVID-19 əleyhinə vurulan peyvəndlərin mövsümi xarakter alması çox effektiv bir həll olardı:
"Koronavirus əleyhinə peyvənd mövsümi olması ilə bir doza vurulmaqla məsələnin həll olunması arzuolunandır. Lakin pandemiya davam etdiyindən hələ bu barədə düşünülmür. Ümumilikdə bu gün üçün hadisələrin gedişi yaxşıdır. Lakin yenə də xahiş edərdim ki, hər kəs öz sağlamlığı üçün peyvənd olunsun. Peyvənd olunanlar isə mütləq buster dozanı vurdursunlar".

H.Klüge deyib ki, Azərbaycanda peyvəndlənmə göstəricisi olduqca yaxşı vəziyyətdədir. Peyvəndlərin və tibbi ləvazimatların digər dünya ölkələri ilə paylaşılması isə təqdirəlayiqdir: "Buna görə ölkənizə təşəkkür edirəm. Çünki bu, qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönələn addımdır". 

Həkim-infeksionist Mərdan Əliyev "Şərq"ə açıqlamasında bildirib ki, mayın 1-dən maska qadağasının ləğv edilməsinin yoluxmaya təsiretmə ehtimalı yoxdur: 

"Artıq insanlarda kollektiv immunitet formalaşıb. Son azalma təbii şəkildə baş verib. Azalma həmişə olduğu kimi, karantin qaydalarının  sərtləşdirilməsi hesabına yox, yumşaldılması fonunda baş verib. Ona görə də artıq maska qadağasının ləğv edilməsi yoluxma sayının yüksəlməsinə səbəb olmayacaq".

İnfeksionist qeyd edib ki, peyvəndlərin mövsümi həyata keçirilməsi lazımlıdır: "Çünki pandemiyanın bitməsi koronavirusun tamamilə həyatımızdan çıxması demək deyil. Artıq epidemiya formasında deyil, mövsümi virus infeksiyası şəklində olacaq. Yəni lokal şəkildə payız və qış fəsillərində yenidən yoluxmanın alovlanması gözlənilir. Koronavirus əleyhinə vaksin də qrip peyvəndi kimi olacaq. Yəni payız və qış aylarında bizə COVİD-19-a qarşı vaksin vurdurmaq zəruridir".