Heç bir həkim pasiyentinin zərər görməsini istəməz


Doğum zamanı ölüm hallarına xüsusilə rayon xəstəxanalarında tez-tez rast gəlirik

Azərbaycanda doğuş zamanı körpə ölüb. Hadisə Sumqayıt şəhəri 2 saylı doğum evində qeydə alınıb. Şəhər sakini 32 yaşlı Elnarə Qurbanova xəstəxananın doğum şöbəsinə yerləşdirilib. Onun körpəsi doğuş zamanı ölüb.
Faktla bağlı araşdırma aparılır. 
Çox təəssüf ki, az qala hər gün bədbəxt hadisələrə şahid oluruq. Bəzən həkim məsuliyyətsizliyi də, pasiyent etinasızlığı da müşahidə edilir. İnsanlar həkimləri günahlandırır, xəstələrə biganə yanaşdığını deyirlər. Həkimlər isə pasiyentlərin vaxtlı-vaxtında müayinələrə gəlmədiyini söyləyirlər. Günah hər kimdə olsa da, nəticədə bir canın dünyaya göz açmamış həyatı sonlanır. 

Ginekoloq Rəşad Sultan "Şərq"ə açıqlamasında bildirib ki, doğuş zamanı körpənin ölümü müxtəlif səbəblərdən ola bilər:

"Uşağın hər hansı qüsuru, probleminin mövcudluğu da mümkündür. Bu da ölüm səbəblərinə daxildir. Belə olduğu halda təbii ki, nə ananın, nə də həkimin günahı olar. Doğuşun gedişində nəsə qeyri-normallıq olarsa və müdaxilə edilməzsə, onda həkim günahkar sayılar. Hər bir pasiyentin tibbi sənədləri var. Müasir xəstəxanalarda həmin rəsmi kağızda xəstənin doğuş tarixi, doğumun gedişatı qeyd olunur. Doğuş zamanı körpənin ürək döyüntüləri yoxlanılır". 
Mama-ginekoloq Ləman Əliyeva da əlavə edib ki, doğum zamanı ölüm hallarına xüsusilə də rayon xəstəxanalarında tez-tez rast gəlirik:
"Həkim xəstələrə laqeyd yanaşmır. Bəzən pasiyent həkimini dəyişə də bilir. Başqa həkimin müayinələrinə üz tutur. Amma ümumiyyətlə, həkimə getməyən xəstələrə nadir hallarda rast gəlmək olar. Əsasən dövlət xəstəxanalarında, ucqar rayonlarda belə situasiyalara tez-tez rast gəlinir. Təbii ki, heç bir həkim pasiyentinə zərər gəlməsini istəməz. Ananın və ya uşağın ölümü qadının hamiləlikdən əvvəlki somatik xəstəliklərində, boylu dövründə baş verən xəstəliklərində, dölün özünün inkişaf qüsurları kimi zamanlarda baş verə bilir".
Həkim pasiyentlərə tövsiyə edir ki, hər ay gecikdirmədən ginekoloq yoxlamalarına getmək vacibdir: "Skrininq müayinələri həkimin dediyi vaxtında olmalıdır. Xəstələr kifayət qədər məlumatlı olmalıdır ki, doktor onları çağırmasa belə,  özləri müayinə zamanlarını bilməlidirlər. Həkimin çox xəstəsi var. Bir ay ərzində bir xəstəni düşünə bilməz. Xəstələr özü məsuliyyətli olmalıdır. Elə hamilə pasiyentlərim var ki, hər ayın eyni günündə qəbulumda olurlar. Bir gün belə gecikdirmirlər. Bütün xəstələrin belə etməsi arzuolunandır".