Mövsümi olaraq infeksion, hava-damcı xəstəliklərinin sayında artım olması həmişə təbii hal hesab olunub
Peyvəndləmə prosesi tamamilə könüllü olmalıdır. Eynilə qrip və digər bəzi infeksion xəstəliklərdə aparılan mövsümi vaksinasiya kimi təşkil edilməlidir
Səhiyyə naziri Teymur Musayev deyib ki, koronavirusa qarşı peyvəndlərin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur: "Gözləntilər elədir ki, kollektiv immunitet nəticəsində ola bilsin ki, pandemiyanın sona çatdığı elan olunsun. Amma çox ehtiyatlı olmalıyıq. Payız ayına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa, bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa, ola bilsin ki, COVİD 19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun".
Həkim-infeksionist Nicat Əzimli "Şərq"ə açıqlamasında bildirib ki, hazırda ümumi dünya statistikasına baxdıqda, xüsusilə son 2-3 ay ərzində yoluxma sayları ilə bağlı demək olar ki, yalnız müsbət dəyişikliklər görülür:
"Elə Azərbaycanda da eyni tendensiya mövcuddur. Nəticə olaraq, gedişat belə davam edərsə, rəsmi qurumların ümidverici fikirlər səsləndirməsi normaldır. Cənab nazirin dediyi kimi, payız aylarında da bu cür vəziyyət hökm sürsə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanın sonlandığını elan etməsi ehtimalı gözlənilən olacaq. Mövsümi olaraq infeksion, hava-damcı xəstəliklərinin sayında artım olması həmişə təbii hal hesab olunub.
COVİD-19-la bağlı da bu cür artım gözlənilir. Lakin, yoluxma sayının keçən ilki qədər yüksəlməyəcəyini düşünürəm. Əgər yeni bir mutasiya baş verməsə, bu artım ciddi səviyyədə narahatlıq doğurmayacaq. Qadağaların tətbiq edilməsinə səbəb olmayacaq.
Çünki hazırkı variantlara qarşı yaranmış kollektiv immunitet bunun baş verməsinin qarşısını almaq gücündədir. Pandemiya bitsə belə, koronavirus insanlar arasında dövr etdiyi təqdirdə buna qarşı hər zaman tədbirlər həm fərdi, həm də kütləvi şəkildə davam etdirilməlidir. Çünki çətin dönəmdə çox sayda COVİD-19 xəstəsi ilə işləmiş bir həkim olaraq, qeyd edə bilərəm ki, bu, adi respirator xəstəlik deyil.
Lakin eyni zamanda fikrimcə, peyvəndləmə prosesi tamamilə könüllü olmalıdır. Eynilə qrip və digər bəzi infeksion xəstəliklərdə aparılan mövsümi vaksinasiya kimi təşkil edilməlidir".