Azərbaycan və Türkiyə tibbi sığortanı qarşılıqlı olaraq, tanıyacaqlar. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib. Sənədə əsasən, hər iki ölkə arasında tibbi sığortanın üç il müddətində qarşılıqlı şəkildə tanınması nəzərdə tutulur. Bu barədə Türkiyənin müvafiq qurumu ilə anlaşma memorandumu imzalanıb.
Hər iki ölkədə İcbari Tibbi Sığorta sistemlərinin qarşılıqlı şəkildə tanınması Azərbaycan səhiyyə sisteminə nələr vəd edəcək? Hansı yöndə dəyişikliklər gözlənilir?
Sualımızı cavablandıran həkim-psixoterapevt Əli Nağıyev “Sherg.az”a açıqlamasında bildirib ki, ümumiyyətlə, son 15 ildən artıq müddətdir,Türkiyədən uzmanlıq təhsili alan çoxsaylı mütəxəssisimiz ölkəmizə qayıdaraq, Azərbaycan səhiyyəsini zənginləşdirir:
“Türkiyə təhsil sisteminə olan güvəni də nəzərə alsaq, əlbəttə ki, bu, bizim üçün böyük bir üstünlükdür. Tibb sahəsində də Azərbaycan və Türkiyənin daha da yaxınlaşması həm texniki, həm də elmi cəhətdən səhiyyə sistemimizin bazasının genişlənməsinə səbəb olur. Bu addım Azərbaycanı Dünya Səhiyyə Sisteminə yaxın olan qardaş ölkənin səhiyyə sahəsi ilə bir-birinə bağlayır. Əslində dövlətimizin İcbari Tibbi Sığorta sistemi müasir dünya standartlarına cavab verir. Bununla da hər iki ölkənin vətəndaşları Türkiyədəki İcbari Tibbi Sığorta sistemindən yararlana biləcəklər.
Azərbaycan və Türkiyə tibbi sığortanın qarşılıqlı olaraq tanınması vətəndaşlarımız müxtəlif istiqamətlərdə böyük imkanlar açır”.