Ölkədə təhlükəli şprislər satılır


Eyyub Hüseynov tədqiqatların nəticələrini açıqlayacaq

Büdcə vəsaiti ilə alınmış dərmanlarla bağlı yoxlama aparılır. 
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, Səhiyyə Nazirliyində xroniki böyrək çatışmazlığı ilə bağlı dövlət proqramının icrasının nəticəliyi ilə bağlı səmərəlilik auditi ilə yanaşı, İnnovasiya və Təchizat Mərkəzində büdcə vəsaiti hesabına alınmış dərman və avadanlıqların istifadə vəziyyətinə dair uyğunluq auditinin aparılmasına da başlanılıb:

"Əvvəlki illərdə də bu sahədə nəzarət tədbiri aparılıb. Auditin nəticəsi ilə bağlı müəyyən təkliflərimiz var. Onların reallaşması üçün yeni rəhbərliklə müzakirə edəcəyik".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, AİB olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin keçirdiyi tenderləri öz saytlarından izlədikdə həddindən artıq anormal durumlar müəyyən etdik:


"Bu barədə aidiyyəti dövlət orqanlarına məlumatlar verdik. Lakin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən cavab gəlmədi. Yəni müsabiqə şərtlərinin öncədən kiminsə xeyrinə elan olunduğu görünürdü. Tədqiq etdiyimiz tender şərtlərində iki xariclə əlaqəsi olan və bir yerli firma koronavirus testləri üçün maddənin alınması ilə bağlı tenderdə iştirak edirdi. Sonunun necə olacağını izlədik, məlum oldu ki, yerli firma bilərəkdən arxa plana salınıb. Daha sonra həmin birliyin izlədiyimiz növbəti tender şərtlərində qəsdən özlərinə sərf etməyən qurumun uduzması üçün şərt qoyurlar. Məsələn, tenderdə dəyişiklik aparırlar, dərman preparatlarının verilmə vaxtı və s. Yaxud da həmin qurum müsabiqədə iştirak etmək üçün rüsum olaraq, 700 AZN ödəyərdi, indi məbləği 2000 AZN-ə qaldırıblar. Bu, o deməkdir ki, hər bir fiziki və hüquqi şəxs burada iştirak edə bilməsin. 

Bəri başdan 2000 manat verirsən. Uduzanda da o pul batır, gedir. Bilə-bilə şərtlər ağırlaşdırılır ki, orada onlara sərf edən insanlar iştirak etsin. Bu məsələləri AİB sədri olaraq, tenderlərə nəzarət edən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinin rəhbərliyi ilə 26 apreldə keçirilən görüşdə qaldırdım. Tenderlərə nəzarət edən qurum sədri Əhməd Həsənov heç bir əsaslı cavab verə bilmədi. Tender şərtlərinə nəzarət edən dövlət qurumunun müsabiqəyə belə yanaşmamasını qeyd etdim. AİB olaraq, tibb sahəsində yalnız bir tenderi izləmişik və bu cür anormal hallara rastladıq. Düşünürəm ki, audit buradan nəticələr əldə edəcək. Hesablama Palatasından xahiş edirəm ki, lazım olsa, bizimlə əlaqə saxlasın, həmin tenderin şərtləri barədə fikirlərimizi onlara çatdıraq. Çox arzu edirəm ki, tenderlərdə yerli şirkətlər iştirak etsin. Onlar üçün bərabər şərait yaradılsın. Burada heç bir qeyri-şəffaflıq olmasın".

E.Hüseynov problemlərin olduğunu diqqətə çatdırıb: 

"Azərbaycan pullarının xaricə axmasının qarşısı alınsın. Xüsusən də tibbi sahədə böyük problemlər yaşanır. Onlardan biri yerli tibbi dərman istehsalının yox dərəcəsində olmasıdır. Məndə olan məlumata görə, Pirallahıda dərman istehsalı üçün neçə ildir zavod açılıb. Bu sənaye müəssisəsi öz imicini, bazarını qorumaq üçün susur, heç bir iş aparmır. Bu cür zavodlar dərman istehsalı yox, primitiv işlərlə məşğul olur. Əlcək, xalat hazırlayır. Bu, çox azdır. Yerli dərman istehsalının inkişaf etməməsinin səbəblərindən biri budur ki, dərman biznesi işini görən insanlar Milli Məclisdə dövlətin bu siyasətini formalaşdırırlar. Hazırda AİB ölkədə külli-miqdarda satılan təhlükəli şprislərin tədqiqatını aparırlar. Bu yaxınlarda bu barədə də açıqlama verəcəm. Ölkədə yerli şpris istehsalı mövcud olsa da, təhlükəli, standartlara cavab verməyənlərin satışı da ölkədə davam edir. 

Düşünürəm ki, Hesablama Palatası bu kimi məsələlərə diqqət yetirməlidir. Yerli istehsala tenderlərdə bərabər şərtlər altında iştirak etmək şəraiti yaradılmalıdır".