“Onun insan sağlamlığı və ətraf mühitə potensial mənfi təsirləri uzun müddətdir dünyanın müzakirə predmeti olaraq qalır”
“Bunun riskləri nəzərə alınaraq bir çox ölkə bu məhsulların təbiətə buraxılmasına ciddi nəzarət sistemi tətbiq edir”
“Qida təhlükəsizliyi” haqqında qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edildikdən sonra sosial şəbəkələrdə “QidaTəhlükəsizliyinəYeniYanaşma” həştəqi ilə kütləvi paylaşımlar edilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan kampaniyaya qısa zamanda minlərlə sosial şəbəkə istifadəçisi qoşulub.
Xüsusilə qida sahəsində fəaliyyət göstərən şəxslər və bu sahədə çalışan mütəxəssislər yeni qanunun tətbiqinin ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində yeni imkanlar yaradacağını qeyd ediblər. Kampaniyaya həmçinin iri ticarət şəbəkələri də qoşularaq rəsmi sosial şəbəkə hesablarından bu mövzuda paylaşımlar ediblər.
Qeyd edək ki, yeni qanun ölkə ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Qida təhlükəsizliyi sisteminin təmin edilməsi sahəsində bir sıra yenilikləri özündə ehtiva edən qanun 9 fəsil və 38 maddədən ibarətdir.
"Qida təhlükəsizliyi” haqqında qanunun qəbulunu müsbət dəyərləndirən ekspertlərdən biri də qida mütəxəssisi Günay Quluzadədir.
- Qida təhlükəsizliyi sahəsində ölkəmizdə vəziyyət necədir?
- Qida təhlükəsizliyi istehsaldan istehlakçının süfrəsinə qədər qidada mümkün olan fiziki, kimyəvi, bioloji və mikrobioloji zərərlərin öncədən proqnozlaşdırılması və aradan qaldırılmasına əsaslanan bütün tədbirləri özündə birləşdirən bir anlayışdır.
Qida zəncirinin bütün mərhələlərində - ilkin istehsal, istehsal, daşınma, saxlanma, satış və həmçinin istehlak zamanı aşağıdakı məsələlərə əməl olunduqda, müvafiq şəraitdə saxlandıqda, zərərvericilərdən effektiv formada mühafizə edildikdə təhlükəsiz qida əldə edilir.
Qida təhlükəsizliyi bitkilərin istehsalı, qulluq üsulları, məhsulun yığılması, heyvanların sağlamlığı və onların peyvəndlənməsi, onların istehlak etdikləri yemə nəzarət funksiyasını yerinə yetirir.
Ölkəmizdə qida təhlükəsizliyi sisteminin müasir tələblərə uyğunlaşdırılması mühüm məsələlərdən biridir. Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi sistemi mövcud vəziyyət nəzərə alınmaqla beynəlxalq tələblərin və qabaqcıl təcrübələrə əsaslanan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə hesablanıb.
Azərbaycanda qida təhlükəsizliyi anlayışı problemin səbəblərinə deyil, faktlara diqqət yetirən səthi yanaşmaya malikdir.
- Milli Məclis “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini qəbul edib. Qanunda yer alan maddələr qida təhlükəsizliyimizə tam təminat verirmi?
- Qanun layihəsində qida təhlükəsizliyi sahəsində dövlətin vəzifələri, əsas prinsipləri, istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu ilə bağlı məsələlər öz əksini tapıb. “Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunduqdan sonra istehlakçıların qida təhlükəsizliyi sahəsində hüquqlarının müdafiəsi daha da gücləndiriləcək. Sözügedən qanun istehlakçıların hüquqlarının müdafiəsi sahəsində bir sıra münasibətləri tənzimləyəcək. Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısını alacaq. Qanunda eyni zamanda qida təhlükəsizliyi sahəsində tələblər, o cümlədən qida və yem məhsullarının, xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin, həmçinin zənginləşdirilən qida məhsullarının təhlükəsizliyi və digər bir sıra məqamlara dair tələblər ehtiva olunub. Fikrimcə, “Qida təhlükəsizliyi haqqında" qanunun icrası əhalinin sağlamlığına, xüsusən də gələcək nəslin sağlam yetişməsinə müsbət töhfə verəcək.
- Bir çox ekspertin iddiasına görə, Geni Modifikasiya Olunmuş (GMO) məhsullar həm əhalinin sağlamlığı, həm də milli və dövlət təhlükəsizliyi üçün çox ciddi strateji problemdir.
- Əvvəla onu deyim ki, GMO-lar müasir gen mühəndisliyi
metodu ilə laboratoriya şəraitində genetik materialı dəyişdirilmiş canlı orqanizmlərdir. Bu üsul təbiətdə mövcud olmayan yeni bitki, heyvan, bakteriya və virus genlərinin yeni kombinasiyasını yaradır. Dünyada əsasən genlərin modifikasiyası bitkilərin herbisitlərə, insektisidlərə və abiotik stresə dayanıqlı olması, həmçinin məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması məqsədi ilə həyata keçirilir. Onu da deyim ki, hazırda müasir biotexnoloji və gen mühəndisliyi metodlarını insan və heyvan sağlamlığı sahəsində yeni nəsil dərman preparatlarının hazırlanmasında, müxtəlif növ fermentasiya, yəni qıcqırmaya məruz qalan qida məhsullarının çeşidliliyini çoxaltmaq, heyvan yemləri və qida əlavələrinin biotəhlükəsizliyini artırmaq məqsədilə GMO-lardan istifadə olunur. İnsanları qorxuya salan, hətta vahimələndirən bu orqanizmlərin zərərləri ilə yanaşı xeyirli tərəfləri də var. Ümumiyyətlə, dünya ölkələrində GMO məhsullarının zərərli olub-olmadığı ilə bağlı fikirlər ziddiyyətlidir.
Amma bununla belə GMO canlı orqanizmlərin insan sağlamlığı və ətraf mühitə potensial mənfi təsirləri uzun müddətdir dünyanın müzakirə predmeti olaraq qalır. Bunun riskləri nəzərə alınaraq bir çox ölkə bu məhsulların təbiətə buraxılmasına ciddi nəzarət sistemi tətbiq edirlər. Məhsullarının etiketlərində həmin bəyannamələrin məcburi qeyd edilməsi əsas şərtlərdən biridir.
Şəymən