Quş qripi ilə bağlı həyəcanlı xəbərlər gəlir

“Quş ətlərinin Azərbaycana idxalını həyata keçirən sahibkarlar son dərəcə ehtiyatlı olmalıdırlar”

“Azərbaycanda elə şirkətlər var ki, təzə toyuq ətini adi selofan torbalara bükərək satışa çıxarır. İnsanlar belə məhsullara üstünlük verməlidirlər”


Quş qripi yenidən dünyanın diqqət mərkəzindədir.
Daha doğrusu, dünyanın bir çox ölkəsindən quş qripi ilə bağlı həyəcanlı xəbərlər gəlməkdədir. Qida Təhlükəsizliyi Agentliyi də başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, daha 3 ölkədən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Qeyd edək ki, Əlcəzair Xalq Demokratik Respublikasının Qelma və Becaya əyalətlərində dabaq, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidində və Meksika Birləşmiş Ştatlarının Koauila ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Əlcəzairin Qelma və Becaya əyalətlərindən, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidindən və Meksikanın Koauila ştatından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Tətbiq olunan məhdudiyyətlə bağlı AQTA-nın qərarını müsbət dəyərləndirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında belə bir tədbirin görülməsinin çox yaxşı qərar olduğunu deyib. Onun sözlərinə görə, aidiyyəti qurumla yanaşı quş ətlərinin ölkəyə idxalını həyata keçirən sahibkarlar da bu məsələdə son dərəcə ehtiyatlı olmalıdırlar:

 “Quş əti tez çirklənən məhsul olduğu üçün onunla bağlı beynəlxalq təşkilatların yaydığı məlumatları daim diqqətdə saxlamaqda fayda var. 
Əhalinin insan orqanizmi, xüsusilə uşaqların inkişafı üçün vacib, qiymətcə daha sərfəli olan quş əti və yumurta ilə müntəzəm təmini üçün diri quşların ölkə ərazisində daşınması və satışı dayandırılmalıdır. Təzə quş əti satmaq istəyənlər quşu yerində kəsib, təmizləyib sonra bazarlara və ticarət nöqtələrinə çatdıra bilərlər. Bu addım bizi və istehsalçıları həm xəstəliklərdən, həm də idxal asılılığından qoruyar. 

Bir halda ki, ölkəmizdəki broyler fabrikləri Azərbaycanı tamamilə quş əti ilə təmin etməyi bacarır. Buna görə də yerli bazar və istehsalçıların qorunması üçün ölkəmizə  idxal olunan quş əti məhsullarına böyük rüsumlar tətbiq etməyi təklif edirəm”.

AİB sədrinin sözlərinə görə, Azərbaycanda elə şirkətlər var ki, təzə toyuq ətini adi salafan torbalara bükərək satışa çıxarır: “İnsanlar belə məhsullara üstünlük verməlidirlər. 

Baxmayaraq ki, onların etiketi yoxdur. Lakin bu məhsullar təzə olmaqla yanaşı bir o qədər də xeyirlidir. Hökumət elə bir siyasət həyata keçirməlidir ki, yerli broyler fabrikləri bu kimi məhdudiyyətlərdən istifadə edib özlərinin fəaliyyət sahələrini genişləndirsin və inkişaf edə bilsinlər. Bunun üçün də vacib olan addım vergi güzəştlərinin tətbiq edilməsidir”.