İdman qidaları ölüm saçır  


“Stereoidlər proteinlərdən daha təhlükəlidir”

“Onun qəbulu həkim nəzarəti altında həyata keçirilməlidir”

“Ancaq idmançılar onlardan çox istifadə edirlər” 


Ötən günlərdə Bakıda fitnes müəllimi qəfil dünyasını dəyişib. Hadisə Yasamal rayonunda qeydə alınıb. Fitnes üzrə məşqçi Əli Musayev səhər saatlarında ürəktutmadan yerə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin artıq onun dünyasını dəyişdiyi məlum olub.
Ə.Musayev Yasamal qəbiristanlığında dəfn edilib.
Hər birimiz böyük əzələli, formaya salınmış əzələli insanlara rast gəlirik. Xüsusilə də yay aylarına doğru fitnes zallarına axışan kifayət qədər şəxs görürük. Çoxunun da səbəbi yay aylarında daha gözəl görünüş əldə etməkdir. Bəzən xarici görkəmləri onları kompleksə salır, bəyəndikləri geyimləri geyinə bilmirlər. Təbii ki, insanların özlərinə zaman ayırmaları, diqqət yetirmələri müsbət haldır. Axı, “İdman sağlamlığın rəhnidir” deyirik. Lakin əksəriyyət məşqlərlə kifayətlənməyib, görünüş naminə idman qidalarına həddindən çox müraciət edirlər. Amma nəzərə almaq lazımdır ki, əzələ kütləsini artırmaq arzusu və bu arzunun reallaşması üçün protein, eləcə də steroid kimi idman qidalarından istifadə bəzi hallarda analoji faciələrə gətirib çıxarır. 

Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tanınmış həkim-cərrah Adil Qeybulla "Şərq"ə açıqlamasında bildirib ki, steroidlərdən yararlanmaq daha təhlükəlidir və idmançılar onlardan çox istifadə edirlər: 

"Satılan proteinlər, steroidlərlə müqayisədə o qədər də qorxulu deyil. Onlar həddən artıq qəbul edildikdə ürək əzələsinin gücünü demək olar ki, tükədir. Nəticədə ürəkdə fibrilyasiya olur, qəfil ölüm halı baş verir. Hər bir idmançı öz orqanizminə dəyər verməlidir. “Bodibildinq” və ya kulturizmlə məşğul olanlar bədənini müəyyən bir formaya sala bilər, ondan artığına yox. Onu peşəkar mütəxəssislər, həkimlər dəyərləndirməlidir. Bəzən məşqçilər əzələlərini şişirtmək üçün təəssüf ki, həddən ziyadə bu dozaları qəbul edirlər. Orqanizmin gücündən çox istifadə olunduqda acı nəticələrlə qarşılaşırıq. Bu, çox risklidir. Amma onu qadağan etmək olmaz. Çünki proteinlərdən, steroidlərdən bütün dünya faydalanır. İdman qidalarının satışı əngəllənməlidirsə, siqaret də zərərlidir, amma insanlar onu çəkirlər, istifadə gündən-günə genişlənir. Birmənalı olaraq, siqaretin xərçəng törətməsi sübuta yetirilib. Digər elə faktorlar biri elə "fast-food"la qidalanmadır". 
Professor diqqətə çatdırıb ki, steroidlərin qəbulu həkim nəzarəti altında həyata keçirilməlidir: "Bəzən yüksək dozalarda istifadə olunur və bunun fərqində olmurlar. Bu cür preparatların qəbulu zamanı hərtərəfli yoxlanmalı, orqanizmlə yanaşı xəstəliklərin olub, olmaması aşkarlanmalıdır. Həm də bu dərmanlar təkcə idmançılar üçün deyil. Onların tibbi təyinatı var. Aptek şəbəkələrində mövcuddur. Hər şey təbliğatdan başlayır".