Azərbaycanda elə kəndlər var ki, heç tibb məntəqəsi yoxdur
"Bakıda, regionlarda səhiyyənin peşəkarlıq səviyyəsinin eyniləşdirilməsi, yüksək səviyyəyə çatdırılması şərtdir"
Respublikanın bölgələrində fəaliyyət göstərən tibb ocaqlarının əksəriyyəti kadr çatışmazlığından əziyyət çəkir. Baxmayaraq ki, bölgələrdə yeni xəstəxanalar tikilərək müasir tibbi avadanlıqlarla təmin edilib, amma həkim çatışmazlığı ciddi problem kimi qalmaqda davam edir.
Qeyd edək ki, Səhiyyə naziri Teymur Musayev dünən jurnalistlərə verdiyi açıqlamada bu məsələyə də xüsusi diqqət çəkib. Nazirin dediyinə görə, rayonlarda həkim, eləcə də digər tibb işçilərinin çatışmazlığı ilə bağlı problemin həlli üçün tədbirlər görülür”. O həmçinin bildirib ki, Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə proqram hazırlayır:
“Həmin proqram çərçivəsində müəyyən mexanizmlər işlənərək, təkliflər irəli sürüləcək. Nəinki gənc, hətta peşəkar, kifayət qədər təcrübəsi olan həkimlərimiz əhaliyə xidmət göstərmək üçün regionlara üz tutacaq”.
Tibb elmləri doktoru Adil Qeybulla sözügedən problemin həllini regionlarda işləyən həkimlər üçün xüsusi sosial müdafiə tədbirlərinin həyata keçirilməsində görür:
“Həkimlərimizin mütləq əksəriyyəti həqiqətən də Bakıda və digər iri şəhərlərdə cəmləşib. Bu da ondan irəli gəlir ki, paytaxtda və bir neçə iri şəhərimizdə həyat səviyyəsi rayon yerlərinə nisbətən yüksəkdir. Kənd və rayon yerlərində isə həkimlər üçün şərait yetərincə deyil.
Ona görə də regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün həkimlərlə bağlı xüsusi sosial müdafiə təbdirləri həyata keçirilməlidir. Belə olarsa, rayon yerlərində də işləmək həvəsində olan həkimlərin sayı artacaq.
Yəni elə etmək lazımdır ki, həkim regionlarda da işləməyə həvəs göstərsin. Bunun üçün onlara münasibətdə müəyyən güzəştli tədbirlər görülməli, belələrinə maaş başqa cür təyin edilməlidir. Bu kimi tədbirlər onları kənd yerlərində də işləməyə stimullaşdıra bilər. İkinci bir tərəfdən, səhiyyəni elə bir sistemə çevirməliyik ki, regionlarla mərkəz arasında peşəkarlıq səviyyəsində fərqlər olmasın. Bu isə həm icbari tibbi sığortanın normal tətbiq edilməsindən, həm də həkimlər üçün bərabər şəraitin yaradılmasından keçir. Belə olarsa, hansısa bir həkimin rayondan durub şəhərə gələrək burada işləməyə həvəsi olmayacaq.
Qonşu Türkiyədəki kimi bütün respublika üzrə, Bakıda, regionlarda səhiyyənin peşəkarlıq səviyyəsinin eyniləşdirilməsi, yüksək səviyyəyə çatdırılması şərtdir.
Başlıcası isə həkimlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır. Bu addımlar atılarsa, həkimlərin seçim edərkən əsas diqqəti paytaxta və iri şəhərlərə yönəltmələri də azalar. Təbii ki, hər kəs daha yaxşı yaşayışın olduğu yerə meyl edir, bu da onun hüququdur”.
Millət Vəkili Razi Nurullayev isə hesab edir ki, bu məsələ ilə bağlı ya dövlət proqramı olmalı, ya da başqa yerlərdən Azərbaycana həkimlərin cəlb olunmasına çalışılmalıdır:
“Ölkənin hər rayonunda minimal olaraq 60-70-dən çox həkimə ehtiyac yaranıb. Demək olar ki, Azərbaycanın bütün rayonlarında, hətta böyük qəsəbə və kəndlərində həkim çatışmazlığı var. Bir çox kəndlərdə isə heç tibb məntəqəsi yoxdur. İnsanlar ən yüngül problemi həll etmək üçün ya rayon mərkəzinə, ya da Bakıya getməli olurlar. Azərbaycan Tibb Universitetinin ölkəmizdə fəaliyyət göstərən tibb kolleclərinin maddi-texniki təchizatının, potensialının artırılmasına da böyük ehtiyac var. Bəzən tibb kollecini bitirənlər yalnız iynə vurmağı öyrənir. İynə vurmağı mən də 10 gün kiməsə baxıb öyrənə bilərəm. Bu sahədə çox ciddi dövlət proqramlarına ehtiyac var. Dövlət də bu problemi çox gözəl bilir və bununla bağlı addımlar atır. Amma görünür ki, atılan addımlar buna kifayət etmir”.