Yay aylarında yoluxmanın artması ehtimalı 0 faizdir
“Ola bilsin, payız ayları immun sisteminin zəifləməsi, bir sıra tənəffüs yolu və respirator xəstəliklərin baş qaldırdığı dövrdə COVİD-19 da fəallaşsın"
Dünyanın 50-dən çox ölkəsində koronavirusa yoluxma hallarının sayı artır və bu artım “omikron” ştammının alt növlərindən qaynaqlanır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusun sözlərinə görə, bu artım virusun gözlənilməzliyindən xəbər verir.
İctimai səhiyyə eksperti, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI) müşaviri və BMT baş katibinin keçmiş müşaviri, professor Georgi Pxakadze isə deyib ki, bölgədə - Gürcüstan və Azərbaycanda, qardaş dövlətlərdə koronavirusa yoluxma hallarının növbəti dalğası çox tezliklə, iyun-iyul aylarında gözləniləndir: “İndi fırtınadan əvvəlki sükut hökm sürür, mən indiki vəziyyəti belə adlandırardım. Biz pandemiya ilə mübarizə aparırıq və bu, qlobal məsələdir. Dünyada baş verən hadisələri, statistikanı izləmək lazımdır. Bu, hörümçək toruna bənzəyir - bir hissədə tərpəniş baş verirsə, sonra bütün şəbəkəyə yayılır.
Ekspert Cənubi Qafqaz regionunda yoluxmanın növbəti dalğasının yayda yayılmasını proqnozlaşdırıb:
“Baxın, hamı yorulub, hamı təmiz hava istəyir. İndi yazdır, tezliklə yay, tətil, çimərlik mövsümü başlayır. Ancaq koronavirus da pusqudadır. Gürcüstan və Azərbaycanda kifayət qədər peyvənd olunmamış insanlar var. Bundan əlavə, bir çoxları Çin peyvəndi ilə vaksinasiya olunub, hansı ki, xüsusilə də “Delta” və “Omikron” variantlarına qarşı çox təsirli olduğu sübut edilməyib”.
İnfeksionist-hepatoloq Mərdan Əliyev isə Azərbaycanda pandemiyanın bitdiyini deyib. Onun sözlərinə görə, artıq insanlarda koronavirusa qarşı müqavimət formalaşıb:
"Onların bir qismi virusa bir neçə dəfə yoluxaraq təbii immunitet qazanıb, digər qismi isə onlarla təmasda olmaqla yüngül keçirib və immunitet formalaşdırıb. Odur ki, heç bir artım gözlənilmir. Əvvəllər karantin rejimi ilə bağlı müəyyən yumşalmalar olan kimi azalmaqda olan yoluxma sayı sürətlə artır. Amma indi xüsusi karantin rejiminin ləğv edilməsindən bir ay vaxt keçib və hər hansı bir artım müşahidə edilmir.
Əksinə, az-az, tək-tək yoluxmalar olur. Bir sıra ölkələrdə COVİD 19 pandemiyası hələ də davam edə bilər, deməli, həmin ölkələrdə kollektiv immunitet formalaşmayıb. Onlarda sadəcə olaraq qorunma tədbirləri hesabına müəyyən azalmalar müşahidə edilirdi. Bizdə isə yoluxma sayı təbii şəkildə baş verdi”.
Həkimin sözlərinə görə, yay aylarında yoluxmanın artması ehtimalı 0 faizdir: “Ola bilsin, payız ayları immun sisteminin zəifləməsi, bir sıra tənəffüs yolu və respirator xəstəliklərin baş qaldırdığı dövrdə COVİD-19 da fəallaşsın. Amma bu da kütləvi xarakter almayacaq".