Bill Geytsin şayiələrə gülməyi gəlir
“Microsoft” şirkətinin həmtəsisçisi, dünyanın ən zəngin insanlarından biri Bill Geyts koronavirus peyvəndlərinə “çip” yerləşdirildiyi iddialarına cavab verib. B.Geyts deyib ki, COVİD-19-a qarşı qoruyucu peyvəndlərə guya ki, hansısa çip yerləşdirildiyinə dair yayılan şayiələr bəşəriyyəti təhdid edən qarayaxma kampaniyasıdır və insanları peyvənd olunmamağa təhrik dir. Bu, faciəvi haldır. Qeyd edilir ki, koronavirus pandemiyasının qızğın vaxtında bir neçə ölkə COVİD-19-a qarşı peyvənd istehsalına başladı və peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı xəttiylə dünya ölkələrinə göndərilməyə başlandı.
O zaman da bu xəbərlər ortaya çıxdı ki, guya, peyvəndlərə çiplər yerləşdirilib, onların vasitəsilə insanların harada olduğu, nə etdiyi nəzarət altında saxlanacaq. Bu xəbərlər bir çox insanın peyvəndlərdən yayınmasına səbəb oldu. Hələ də bu şayiələrə inanaraq peyvənd olunmaqdan imtina edən insanlar var. Şayiələrlə bağlı danışan B.Geyts “niyə insanları təqib etməliyəm, onların harada olduğunu bilmək nəyimə lazımdır, niyə insanlar belə düşünür, anlamıram. Buna əslində gülməyim gələrdi, lakin insanların bu mənasız şayiələr səbəbiylə peyvənddən imtina etmələri, ağlamalı durumdur və faciəvidir”, deyib. B.Geyts hesab edir ki, insanlar “peyvəndlər yalnız mənfəət əldə etmək üçün istehsal edilib”, kimi sadə mülahizəyə daha tez inanırlar, nəinki COVİD-19 virusunun nədən, hansı səbəblərdən sürətlə yayıldığına dair elmi mülahizələrə.