“Mərəçöyüd və ya qulançar adlanan bu bitki, respublikamızda ən çox Naxçıvan MR-nın bütün rayonlarında, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, Gəncə-Qazax, Lənkəran-Astara, Quba–Xaçmaz, Şəki-Zaqatala və s. bölgələrdə ən çox quru, daşlı-çınqıllı yamaclarda, qaratikan kollarının ətrafında bitir”.
Bu sözləri “Şərq”ə açıqlamasında mərəçöyüdün faydalarından danışan qida məsələləri üzrə ekspert Ağa Salamov deyib.
Ekspertin sözlərinə görə, bəzi dillərdə bu bitki asparagus, sparja, kuşkonmaz, kamamuri, kumi saqqızı kimi ifadə olunur. Bitkinin yaşı çox qədimdir, Qədim Romada, Misirdə 4000 il öncə tanınırdı:
“Bu bitkinin mətbəxdə də xüsusi yeri var və ən çox salatlarda çiy və ya azca pörtləmiş şəkildə istifadə olunur. Qırmızı ət məhsullarına da qarnir olaraq çox yaraşır. Faydalarına gəlincə, mərəçöyüdün faydalarını saymaqla bitməz. Sadəcə qısa olaraq onu deyə bilərəm ki, tərkibində k vitamini zəngin olduğuna görə orqanizmdə kalsiumun sovrulmasına yardımçı olur. Bunun da təbii olaraq sümüklərə və ümumilikdə skletə çox faydaları var. Tərkibindəki glutathione sayəsində stres zamanı bədəndə əmələ gələn sərbəst radikalların bədəndən çıxarılmasını təmin edir və probiotik tərkibə malik olduğu üçün immunitet sistemini də gücləndirir. Mərəçöyüd yüksək qan təzyiqini tənzimləməyə yardımçı olan kalium mineralı ehtiva edir. Kalium qan damarlarının divarlarını genişləndirərək və artıq duzu idrar vasitəsilə çıxararaq qan təzyiqini azaldır”.
A.Salamov köpdən əziyyət çəkən insanlara mərəçöyüdün məsləhət görülmədiyini deyib: “Çünki mərəçöyüd tərkibindəki rafinoza adlanan karbohidrat səbəbiylə köp verə bilər. Eyni zamanda zanbaq ailəsinə qarşı allergiyaya meyilli insanlar diqqətli olmalıdırlar. Gut xəstəliyi, böyrək daşı, sidik turşusu ilə bağlı problemləri olan insanlar mərəçöyüd yeməkdə ehtiyatlı olmalıdırlar, çünki tərkibində purinlər var”.