Bir vaxtlar şəfa mənbəyi olan bitki səltənəti indi böyük bəla mənbəyinə çevrilib
Meyvə-tərəvəz alan zaman diqqət edilməsi vacib olan məqamlara toxunan “Ana Təbiət” NGM-nin rəhbəri Ərşad Əzimzadənin araşdırmasına görə, insanın sağlamlığını təmin edən 4 qida var: Günəş enerjisi, hava, su və bitki səltənəti. Onun sözlərinə görə, bitki səltənətinə meyvələr, yabanı meyvələr, tərəvəz, göy-göyərti, çiçəklər, yarpaqlar və zoğlar daxildir. Şəhər və qəsəbələrdə yaşayan sakinlər bunların hamısını bazardan və ya dükandan almalı olur: “Əminəm ki, bazara və ya marketə gedən alıcının 90 faizdən çoxunun gözü yekə, “tavarnı vidi” gözəl olan meyvələri və tərəvəzi axtarır və çətinlik çəkmədən tapır.
Çünki bağban da, tərəvəzçi də, “xırçı” da çalışır ki, alıcının gözünü oxşayan yaraşıqlı məhsul hazırlasın. Bunun yolunu da tapıblar. Bəzi qadınlar dodaqlarını və başqa yerlərini kimyanın gücünə şişirdən kimi, quşçular toyuqların çəkisini süni yollarla artırdığı kimi, bağbanlar və tərəvəzçilər də kimyəvi preparatların köməyi ilə məhsulun çəkisini artırır və “vidini” dəyişirlər.
Heç kəsin vecinə deyil ki, bu gün bazarları geni dəyişdirilmiş bitki məhsulları basıb. “Yaraşıqlı” meyvələri və tərəvəz növlərini, bostan məhsullarını yeyən insanlar onlardan şəfa yox, bəla alır. Qan zəhərlənir, qaşınma yaranır, digər fəsadlar baş verir. Bütün hallarda səbəbə qarşı deyil, nəticəyə qarşı “vuruşan” qəssab həkimlər də böyük həvəslə “müştərinin” cibinə girir: “Səndə filan meyvəyə qarşı allergiya var, onu yemə. Filan dərmanı qəbul elə”. Ən çox həkim tabusuna məruz qalan növ subtropik meyvələr olur - insanları mikroblardan qoruyan C vitamini ilə çox zəngin olan qida”.
Ə.Əzimzadənin sözlərinə görə, `yalnız böyük qazanc haqqında düşünən insafsız bağbanların, tərəvəzçilərin, bostançıların və onlarla cinayət əlaqəsinə girən nəzarətçilərin bəd əməli sayəsində, bir vaxtlar şəfa mənbəyi olan bitki səltənəti indi böyük bəla mənbəyinə çevrilib. Bu gün ekoloji cəhətdən təmiz meyvə və tərəvəz tapmaq müşkül işdir: “Mən bunun günahını istehlakçının özündə görürəm. Əgər alıcı bazarda iri, yaraşıqlı meyvə və tərəvəz seçirsə, satıcı da ərzaq dalınca kəndə gedəndə, mütləq gözəgəlimli məhsul axtaracaq. Belə olduqda, kəndli çalışacaq ki, becərdiyi məhsulu “yaraşıqlı” olsun.
Bunun da yolu bəllidir: ağaclara çoxlu kimyəvi gübrə vermək, xəstəlik və həşərat əleyhinə çoxlu dərman vurmaq. Bu da artıq ənənəyə çevrilib ki, baha satılsın və uzun müddət qalsın deyə, meyvələri kütləvi şəkildə kal-kal dərib, onlara dərman vururlar. Həyəcan təbili çalmaq vaxtı çoxdan çatıb - hava, torpaq və su zəhərlənib, bitki səltənəti narkomana çevrilib, alıcının zövqü korlanıb, xəstəliklər güclənib, dünya səhiyyə sistemi mikrob qarşısında tam aciz qalıb. Üstümüzə gələn böyük fəlakətin qarşısını almağın yeganə yolu - istehlakçının düzgün seçim etməsidir.
Qoy, meyvə və tərəvəzin gözəl zahiri görkəmi sizi aldatmasın. Yerli növlərə üstünlük verin. Üzümü kənd əhlinə tutub, xahiş edirəm: qoymayın qədim bitki növlərini itib-batsın, onları bərpa edin. Əsrlərin sınağından keçib gəlmiş növlər, meşələrdəki yabanı meyvələr qədər, xəstəliklərə davamlıdır. Nəzərə alın ki, siz alıcıları zəhərləməklə bərabər öz əzizlərinizi də zəhərləyirsiniz və qazandığınız pulu həkimlərə, dərmanlara xərcləməli olursunuz”.