Ona görə ana ölümlərinin statistikasında azalma müşahidə olunur
"Azərbaycanda ana ölümlərinin göstəricisi 100 minə 26 nisbətindədir".
Bu sözləri İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırılması şöbəsinin əməkdaşı Könül İsmayılova deyib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkikatının məlumatında bildirilir ki, dünyada qadınlar arasında olan reproduktiv və cinsi xəstəliklər ümumi xəstəliklərin 20 faizini, kişilər arasında isə 14 faizini təşkil edir: "Reproduktiv sağlamlıq insan inkişafında ən vacib məqamlardan biridir. Ölkəmizdə ana və uşaq ölümlərinin sayı ciddi şəkildə azalıb. UNİCEF-in məlumatına görə, hər 100 min ana namizədi arasında 26 ölüm halı qeydə alınıb. Bu da kifayət qədər azalma ilə müşahidə olunan rəqəmlərdir.
Təbii ki, bu rəqəm pandemiyaya qədər olan statistikadır. Bu rəqəm hazırda enməkdə davam edir".
Ginekoloq Təranə Həsənova da “Şərq”ə açıqlamasında sözügedən sahədə müsbətə doğru irəliləyişlərin olduğunu deyib. Onun sözlərinə görə, burada əsas məsələ səhiyyənin düzgün təşkilindən ibarətdir:
“Ana və uşaq ölümünün geniş vüsət almasının əsas səbəbi doqquz aylıq müddətdə ananın orqanizminin doğru-düzgün təhlil olunmamasından irəli gəlirdi. Dəfələrlə qeyd etmişik ki, hamiləliyə planlı şəkildə hazır olmaq üçün dünyaya övlad gətirmək istəyən qadın hamiləlikdən öncə həkimə müraciət etməlidir. İlk növbədə qanın ümumi analizindən tutmuş, bütün lazım olan hər şey yoxlanılmalıdır. Bu istiqamətdə əhali arasında çox ciddi bilgiləndirmə olmalıdır. Ona görə də ana və uşaq ölümlərinin azalmasında bu sahədə aparılan maarifləndirmə işlərinin də önəmli payı var”.
T.Həsənova əksər ölümlərin vaxtında aşkarlanmamış xəstəliklərin nəticəsində baş verdiyini deyib:
“Hər hansı bir qadının hamiləlik müddətində və hamiləlikdən əvvəl mövcud olub hamiləlik dövründə aktivləşən patalogiya yavaş-yavaş, bəzən də sürətlə inkişaf edərək bədbəxt hadisə ilə nəticələnir. Yəni doqquz aylıq müddətdə ananın orqanizminin doğru-düzgün təhlil olunmaması ana və uşaq ölümlərinin əsas səbəblərindəndir. Hamiləliyə nəzarət edən həkim bunu vaxtında görüb qiymətləndirməli, qarşısını almaq üçün mümkün müalicə metodlarından istifadə etməlidir. Bu zaman ananın həyatı üçün heç bir təhlükə olmur. Ən pis halda hamiləlik vaxtından əvvəl sonlandırılır və ana salamat qalır. Mümkün olduqda isə həkim təqibi ilə hamiləlik müəyyən vaxta qədər aparılır və sonda həm uşaq, həm də ana həyatda qalır.
Təəssüflər olsun ki, hələ də gəlinini 9 ay müddətində həkimə aparmaması ilə fəxr edən qayınanalar, həkimə getməyərək sağlam uşaq dünyaya gətirdiyini iddia edən qadınlar var. Hesab edirəm ki, maarifləndirmə yolu ilə zamanla bu problem müəyyən qədər azalar”.