“Ölkədə insan sağlamlığına görə ayrıca siyasət yürüdülməlidir”
“Ümumiyyətlə, istehlakçıların hüquqları haqqında qanun ciddi şəkildə dəyişilməlidir”
Bakıda marketdə kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart"da baş verib.
Marketin fasadına kimyəvi tərkibli örtük vurularkən, havalandırma sistemi vasitəsilə zəhərli hava içəri daxil olub. Nəticədə işçilər zəhərlənib.
TƏBİB-dən isə bildirilib ki, 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Zəhərlənmə hadisə ilə bağlı "Sherg.az"a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, kimya həyatımıza, məişətimizə həddən artıq daxil olub. Azadılması istiqamətində isə heç bir iş görülmür:
"Dünyada, o cümlədən Azərbaycanda aqressiv reklam gedir. İnsanların həyatını "yüngülləşdirən" vasitələr son nəticədə zəhərlənməyə gətirib çıxarır. Bunu hiss etmirik. Sadəcə tədrici zəhərlənmənin "qurbanlarıyıq". Qurban olmağımız aptek şəbəkəsinin çoxluğunda, poliklinika və tibb müəssisələrində insanların növbəyə durmasında nəzərə çarpır. Aidiyyəti qurumlar işin tədqiqatını aparmır. Nə üçün bu qədər aptek var? Niyə camaat növbədədir?
Əlbəttə, hökumətlərə büdcədə pul olması lazımdır. İqtisadçıları dindirəndə deyirlər ki, bu "iqtisadi fəallıqdır". Yəni, insan sağlamlığı arxa planda qalır. Beynəlxalq tədbirlərdə də dəfələrlə söyləmişəm. İnsanın uzunömürlülüyü ancaq özü üçün önəmlidir, heç bir hökumətə 80 faiz təqaüdçü lazım deyil. Belə bir şəraitdə yalnız qəfildən zəhərlənmə baş verəndə "oyanırlar"".
E.Hüseynovun qənaətinə, hökumət mükəmməl istehlakçı siyasəti formalaşmalıdır:
"Materilların tərkibi yaxşıca öyrənilməlidir. Azərbaycanda çoxsaylı yalançı, milyon dollarla alınmış laboratoriyalar mövcuddur. Kimyə İnstitutu, alimlər var. 26 ildir onların etiraz səsini ucaltdığını eşitməmişəm. Guya, alim tayfasıdır, çobanla bir-birinə qarışıb. Ölkədə insan sağlamlığına görə ayrıca siyasət yürüdülməlidir. Ümumiyyətlə, istehlakçıların hüquqları haqqında qanun ciddi şəkildə dəyişilməlidir. Çünki qanun 1995-ci ildə təsdiqlənib, artıq köhnədir. Qərar qəbul edən adamların özləri zəhərlənməyənə qədər AİB-in nə iş gördüyünü başa düşməyəcəklər".