Düzgün qidalanma uşaqların inkişafına təsir edir

Bütün uşaq bağçaları, məktəblər sağlam qidalarla təmin olunmalıdır

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

  Uşaq və gənclərin sağlam inkişafı Azərbaycan dövlətinin hər zaman prioritetləri sırasındadır. Bu sahəyə ciddi nəzarət edilir, diqqət ayrılır və məqsədyönlü layihələr icra olunur. Sağlam qidanın vacib olduğu sahələrdən biri də ümumtəhsil məktəbləri və uşaq bağçalarıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin UNICEF və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırdığı “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin qarşıya qoyduğu məqsəd də məktəblilərin sağlam qidalanmasına dəstəkdir. Bu günlərdə layihə başa çatıb və yekun tədbir keçirilib.

Tədbirdə layihənin yekunlarına dair hesabat media nümayəndələrinin diqqətinə çatdırılıb. Bildirilib ki, layihə çərçivəsində məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədi ilə maarifləndirmə tədbirləri təşkil olunub. 

Belə ki, ilkin mərhələdə AQTİ mütəxəssisləri tərəfindən 30 nəfərə 12 mövzudan ibarət onlayn formada seminar keçilib. Layihənin reqlamentinə əsasən, imtahanı uğurla başa vuranlar “Məktəblilərin Qida Bələdçiləri” nişanı ilə təltif olunub və həmin şagirdlər məktəblərdəki bufetlərin fəaliyyəti, qida təhlükəsizliyi və sanitar qaydalara əməl olunmasına dair ictimai nəzarəti həyata keçiriblər. Daha sonra imtahanı uğurla başa vuran iştirakçıların təmsil olunduqları məktəblərin şagirdləri arasında sorğu keçirilib.

 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 5 və 9-cu sinif şagirdləri arasında keçirilən sorğuda ümumilikdə 16 məktəbdən 1600 şagird iştirak edib. Anket formasında tərtib olunmuş sorğularda qida təhlükəsizliyi haqqında ümumi anlayışlar, sağlam qidalanma vərdişləri və qaydaları, gigiyenik tələblərə riayət olunması, düzgün maye qəbulu, fastfud yeməkləri və zərərli alışqanlıqlara münasibət, və s. istiqamətlər yer alıb. Sorğunun nəticəsinə əsasən, layihədən əvvəl və sonra aparılan testlər şagirdlərin qida vərdişlərindəki dəyişiklikləri əks etdirib. Belə ki, layihədən əvvəl qida təhlükəsizliyi anlayışı haqqında məktəblilərin 72 faizi məlumatlı olduğu halda, layihədən sonra bu rəqəm 97 faizə çatıb. Layihənin reallaşmasından sonra AQTA-nın 1003 Çağrı Mərkəzi ilə bağlı məlumatı olan şagirdlərin sayı da artıb. Əvvəl Çağrı Mərkəzi ilə bağlı məlumatı olan şagirdlərin sayı 51 faiz təşkil edirdisə, layihədən sonra bu rəqəm 95 faizə çatıb. Digər mühüm məsələ uşaqların səhər yeməyi ilə bağlıdır. Uşaqlar əksər hallarda səhər yeməyinə meylsiz olur. Bu da məlumdur ki, səhər yeməyi uşaqların fiziki və zehni qabiliyyətinə, eləcə də akademik göstəricilərinə kifayət qədər təsir göstərir. Əgər layihədən əvvəl sorğuda iştirak edən şagirdlərin 20 faizi səhər yeməyi yemədiyini bildirmişdisə, layihədən sonra bu göstərici 7 faizə düşüb. Sorğuda iştirak edən uşaqların 31 faizi həftə ərzində heç balıq yemədiyini bildirib. Süd məhsulları qəbul etməyən uşaqlar isə 15 faiz təşkil edib. Sorğudan sonra bu göstəricilər müvafiq olaraq 18 faiz və 5 faizə qədər azalıb. Testin nəticəsinə görə, layihədən sonra həftədə 5 gündən çox şəkərli içki qəbul edən məktəblilərin sayı isə 25 faizdən 5 faizə düşüb. Layihədən sonra həftədə beş gündən çox şirniyyat yeyən şagirdlərin sayı 13 faizə, çips yeyən uşaqların sayı isə 4 faizə qədər azalıb. Pilot layihə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı”, eləcə də UNICEF-in Azərbaycanda 2021-2022-ci illər üçün Səhiyyə və Qidalanma Proqramının icrası ilə əlaqədar olaraq, əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə reallaşdırılıb. Yekun tədbirdə çıxış edən BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsinin müavini William abi Abdullah bildirib ki, düzgün qidalanma hər bir uşağın həyatına təsir edir. Yanlış qidalanma uşaqlarda fiziki qüsurlara da gətirib çıxarır, bütün bu hallar uşaqların təhsilinə təsir göstərir: “Sağlam qidalanma vərdişlərinin uşaqlara aşılanması ilə bağlı bu mühüm layihəni tərəfdaşlarımızla yerinə yetiririk. Biz 16 məktəbdə oxuyan şagirdlərin biliklərini əvvəlcə araşdırdıq. Layihənin əvvəlində şagirdlər bildirdi ki, onlar məktəbə gələndə səhər yeməyi yemirlər. Ancaq layihədən sonra bu hal 20 faizdən 7 faizə düşdü. Mən çox məmnunam ki, layihələrin müsbət nəticələri ortaya çıxdı. Onu da qeyd edim ki, təəssüflər olsun ki, layihə əsnasında məlum oldu ki, məktəblərdə qida mühiti uşaqların kökəlməsinə şərait yaradan vəziyyətdədir. Şəkər tərkibli içkilər məktəb yeməkxanalarında uşaqlara satılır. Bu məsələnin həlli üçün çoxtərəfli yanaşmaya üstünlük verməliyik. Sağlam qida vərdişləri ilə bağlı uşaqların maarifləndirilməsi vacibdir”.
 
 Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında bu səpkili layihələrin uşaqların düzgün fiziki və əqli inkişafı üçün əhəmiyyətli olduğunu dedi: 

- Baxın, UNİCEF rəsmisi də uşaqların şəkərli qidalardan, şəkər tirkibli içkilərdən uzaq olmasını tövsiyə edir. Layihənin icrası zamanı məlum olub ki, məktəb yeməkxanaları, bufetlərdəki mühit – təqdim olunan, satışa çıxarılan yeməklər, qidalar uşaqların kökəlməsinə şərat yaradır. Təəssüf ki, köklük xəstəlik halını almaqdadır. 

Bu isə qeyri-sağlam inkişaf deməkdir. Deməli, uşaqların düzgün inkişafına mane olan amillər aradan qaldırılmalıdır. Uşaq bağçaları, məktəblər sağlam qidalarla təmin edilməlidir. 

Məsələn, qardaş Türkiyədə şagirdlərə, xüsusən də ibtidai sinif şagirdlərinə süd, süd məhsulları, quru meyvələr verilir. Hamımız da bilirik ki, süd məhsulları uşağın inkişafında necə əhəmiyyətli rol oynayır. Eləcə də tərkibi vitaminlərlə zəngin olan quru meyvələr həm toxluq hissi yaradır, həm də faydalıdır. Yaxşı olar ki, layihədən əldə edilən nəticələr məktəblilərin sağlam qidalanmasında dəyişikliklərə gətirib çıxarsın.

  Valideynlər də uşaqların sağlamlığından, gün ərzində sağlam qidalarla təmin ediləcəklərindən arxayın olsunlar, balalarımız da sağlam böyüsün.