Həkimlər körpənin həyatını xilas etdilər


8 aylıq Məhəmməd helikopterlə evlərinə qaytarılıb

Antalyanın Kaş bölgəsi, Beldibi məhəlləsində 8 aylıq Məhəmməd ölümlə üz-üzə qalıb. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, uşağın ağladığını görən vaqlideynləri diqqətlə baxdıqda körpənin əlində həşərat sancmasına bənzər qızartı görüblər. Məhəllədə bundan öncə də qara əqrəblərin olmasını bilən valideynlər övladlarını əqrəb sancdığından şübhələniblər. Uşaq təcili şəkildə təcili yardım helikopteri ilə Almalı Dövlət Xəstəxanasına çatdırılıb. Bu müddətdə uşağın qolunda və ayaqlarında soyuma başlayıb. 

Vəziyyətin təhlükəli hal aldığının fərqində olan həkimlər körpənin Ağ dəniz Universiteti Tibb Fakültəsinə çatdırılmasını istəyib. 35 dəqiqə ərzində 8 aylıq körpə ora çatdırılıb və təcili tibbi müdaxilə başlayıb. Qara əqrəb sancmasının zəhərli ola biləcəyini ehtimal edən həkimlər uşağın qanının təmizlənməsinə qərar veriblər. Həkimlərin səyi nəticəsində 8 aylıq Məhəmmədin həyatı xilas edilib. Bir müddət nəzarət altında saxlanan körpə daha sonra valideynlərinə təslim edilib. Körpə yenə də helikopterlə evlərinə aparılıb. Bildirilir ki, qara əqrəblər çox təhlükəlidir və onlara əsasən evlərin bağçalarında rast gəlinir. Yay fəsli, havaların isti keçməsi, uşaqların yarıçılpaq halda dolaşması əqrəb sancmalarının sayını artırır. Valideynlər bu məsələdə diqqətli olmalı, şübhəli halla qarşılaşdıqda dərhal həkimə müraciət edilməlidir, çünki zəhərin bədənə çox yayılması ölümlə nəticələnə bilər.